Avqustun 22-nə keçən gecə Rusiyanın hücumu Ukraynanın Odessa vilayətində "DTEK" enerji şirkətinin enerji obyektlərinə ciddi ziyan vurub, onların bərpası üçün vaxt tələb olunacaq.
"Report" "DTEK"ə istinadən xəbər verir ki, enerji mütəxəssisləri hərbçilərdən və xilasedicilərdən icazə aldıqdan sonra qəza-bərpa işlərinə başlayıblar.
"Enerji obyektləri ciddi şəkildə zədələnib. Avadanlıqları işlək vəziyyətə qaytarmaq üçün vaxt lazım olacaq", - şirkətdən bildiriblər.
DTEK-də xəbərdarlıq ediblər ki, kritik infrastruktur obyektlərinin işində fasilələr yarana bilər.
Enerji mütəxəssisləri zədələnmiş obyektlərin bərpası üzrə işləri davam etdirirlər.
Ukrayna qüvvələri avqustun 22-nə keçən gecə Rusiya Federasiyasının Samara vilayətində yerləşən "Novokuybışevsk" neft emalı zavodunun (NEZ) obyektlərini vurub.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Telegram" kanalında məlumat yayıb.
Zərbədən sonra müəssisənin ərazisində yanğın baş verib, dəymiş ziyanın miqyası dəqiqləşdirilir.
"Novokuybışevsk" NEZ "Rosneft" SC-nin tərkibinə daxildir və Rusiyanın ən iri neft emalı müəssisələrindən biridir. Onun gücü ildə təxminən 8,8 milyon ton neft təşkil edir.
Müəssisə avtomobil və aviasiya yanacağı, dizel yanacağı və sürtkü materiallarının komponentləri daxil olmaqla, 20-dən çox növdə məhsul istehsal edir.
Vatikan bərpa olunan enerji mənbələri ilə işləyən elektrik stansiyası tikməyi planlaşdırır.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, təxminən 100 milyon avro dəyərində olan layihə Romanın şimal-qərb ətrafındakı Santa-Mariya-di-Qaleriya kompleksinin ərazisində 80-90 MVt gücündə elektrik stansiyasının tikintisini nəzərdə tutur.
Zəruri icazələrin alınması və inzibati prosedurların həyata keçirilməsi nəzərə alınmaqla elektrik stansiyasının tikintisi 18 aydan 24 aya qədər vaxt apara bilər.
Günəş panellərinin təxminən 200 hektar ərazidə yerləşdirilməsi planlaşdırılır ki, bu da Santa-Mariya-di-Qaleriya kompleksi ərazisinin demək olar ki, yarısını təşkil edir.
Elektrik stansiyası Vatikan radiosunun ötürücü stansiyasını elektrik enerjisi ilə təmin edəcək və Vatikanın tam enerji müstəqilliyinə nail olmasına töhfə verəcək. İstehsal olunan elektrik enerjisinin artıq qalan hissəsi İtaliyaya tədarük ediləcək.
Layihə İtaliya və Vatikan arasında ikitərəfli razılaşma çərçivəsində xüsusi status alıb. O, xüsusilə İtaliya tərəfindən vergi və dövlət rüsumlarından azad olunmanı nəzərdə tutur.
Yaxın həftələrdə layihə çərçivəsində tenderlərin elan edilməsi planlaşdırılır. Vatikan layihənin təfərrüatlarını rəsmi olaraq açıqlamayıb.
İran İraqın bir sıra neft tankerinin Hörmüz boğazından keçməsinə icazə verib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, müvafiq icazə İraqın müxtəlif diplomatik kanallar vasitəsilə etdiyi müraciətlərdən sonra verilib.
Qeyd olunur ki, İraqın neft tankerlərinin boğazdan keçidinə icazə verilməsi İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafın İraqa səfəri zamanı Bağdadın irəli sürdüyü əsas tələblərdən biri olub.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Kiyevə səfər edib.
"Report" xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsində yazıb.
Vadefulun sözlərinə görə, səfər çərçivəsində Ukraynanın qışa hazırlığı və ölkənin bundan sonra da dəstəklənməsi diqqət mərkəzində olacaq.
Öz növbəsində, Almaniya XİN-dən bildirilib ki, səfərin gündəliyinə Ukraynaya yardım göstərilməsi və iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri də daxildir.
Rusiya qoşunları avqustun 22-si səhər saatlarında Ukraynanın Kiyev şəhəri və Kiyev vilayəti istiqamətində yenidən ballistik raketlər buraxıb.
"Report" Ukrayna Silahlı Qüvəllərinin Hərbi Hava Qüvvələrinə istinadən xəbər verir ki, əvvəlcə Kiyev və Borispola ballistik silahların tətbiqi təhlükəsi barədə elan edilib.
Qeyd olunur ki, bölgədə partlayış səsləri eşidilib.
Daha sonra Hərbi Hava Qüvvələri Çerniqov vilayəti üzərindən Kiyev vilayəti istiqamətində ballistik raketlərin hərəkətini qeydə alıb.
Rusiya qoşunları Kiyevin Darnitsa rayonundakı dəmir yolu müəssisəsinə ballistik zərbə endirib, nəticədə "Ukrzaliznitsya"nın əməkdaşı həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Ukrzaliznitsya" SC-nin İdarə Heyətinin sədri Aleksandr Pertsovski "Facebook"da bildirib.
Onun sözlərinə görə, zərbə Darnitsadakı dəmir yolu müəssisələrindən birinə endirilib.
"Bir işçi - briqadir hadisə yerində həlak olub, digərlərini ilk zərbədən sonra operativ şəkildə təxliyə etmək mümkün olub", - Pertsovski qeyd edib.
Bundan başqa, "Ukrzaliznitsya"nın rəhbəri Odessa dəmir yoluna edilən hücum barədə məlumat verib. Onun sözlərinə görə, Odessa vilayətinin Razdelnaya stansiyasında dəmiryol vağzalı zədələnib.
Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov bildirib ki, Rusiya qoşunları sutka ərzində Ukraynanın Zaporojye vilayətinin 42 yaşayış məntəqəsinə 539 zərbə endirib. Hücumlar nəticəsində 3 nəfər həlak olub, 19 nəfər, o cümlədən iki uşaq yaralanıb.
"Yaşayış evlərinin, avtomobillərin və infrastruktur obyektlərinin zədələnməsi barədə 71 məlumat daxil olub", - o qeyd edib.
Kiprin enerji sistemində genişmiqyaslı nasazlıq olub və nəticədə adanın böyük hissəsi müvəqqəti olaraq elektrik enerjisiz qalıb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə elektrik enerjisinin ötürülməsi sisteminin müstəqil operator şirkəti (TSO) məlumat yayıb.
TSO-dan bildirilib ki, qəzaya səbəb fotovoltaik parklarla paylama mərkəzi arasında əlaqənin kəsilməsi olub və bunun nəticəsində günəş elektrik stansiyaları avtomatik olaraq şəbəkədən ayrılıb.
Kəsintilər Limasol əyalətindəki geniş əraziləri, Nikosiya ətraflarını və ölkənin digər rayonlarını əhatə edib.
Hazırda Kiprin paytaxtında havanın temperaturu 40 dərəcəyə çatır.
Ən böyük beynəlxalq futbol konfederasiyaları, futbol üzrə dünya çempionatındakı payın özəl investorlara satılması təklifi ilə bağlı yaranan narazılıqdan sonra FİFA Prezidenti Canni İnfantinonun istefasına nail olmaq məqsədilə ona etimadsızlıq votumu irəli sürmək imkanını müzakirə edirlər.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə müzakirələrin gedişatından xəbərdar olan yüksək vəzifəli mənbələr məlumat verib.
Agentliyin məlumatına görə, UEFA, Asiya Futbol Konfederasiyası (AFC) və Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələri Futbol Konfederasiyası (CONCACAF) etimadsızlıq votumu irəli sürməyi nəzərdən keçirir.
"Çıxış yolu yoxdur. Ya o, sülh yolu ilə gedib mart ayında namizədliyini irəli sürməmək qərarına gələcək, ya da sərt yolu seçəcək", - mənbələrdən biri bildirib.
FİFA-nın nizamnaməsinə əsasən, növbədənkənar konqres təşkilatın Şurası tərəfindən istənilən vaxt çağırıla bilər.
ABŞ Dövlət Departamenti Xarici Hərbi Satışlar (FMS) proqramı çərçivəsində Qətərə ümumi dəyəri 4,5 milyard dollar qiymətləndirilən hərbi texnikanın mümkün satışına razılıq verib.
"Report"un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında yayılan açıqlamada bildirilib.
Qeyd olunub ki, Qətər 4-dək KC-46A yanacaqdoldurma təyyarəsi, 8 ədəd PW4062 mühərriki, həmçinin elektron müharibə avadanlıqları, raket hücumu barədə xəbərdarlıq sistemləri və LAIRCM infraqırmızı əks-təsir sistemlərinin alınmasını istəyib.
Paketə həmçinin ehtiyat hissələri, texniki xidmət avadanlıqları, rabitə və naviqasiya vasitələri, proqram təminatı, təlim materialları, mühəndislik və logistika dəstəyi, eləcə də inteqrasiya və sınaq xidmətləri daxil olacaq.
Dövlət Departamentinin qeyd etdiyinə görə, qarşıdakı saziş ABŞ-ın milli maraqlarına və xarici siyasət məqsədlərinə xidmət edəcək. Bu, Vaşinqtonun Yaxın Şərqdəki ən mühüm tərəfdaşlarından biri olan Qətərin xarici təhdidlərə qarşı mübarizədə və regional təhlükəsizliyin təmin edilməsində strateji rolunun gücləndirilməsinə kömək edəcək.
Qurumun məlumatına görə, sözügedən saziş həmçinin əmirliyin ABŞ və müttəfiq qüvvələri ilə operativ qarşılıqlı fəaliyyət imkanlarının artırılmasına xidmət edəcək.
ABŞ-nin maliyyə naziri Skott Bessent avqustun 24-də Vaşinqtonun İrana qarşı növbəti tədbirlərinə həsr olunmuş mətbuat konfransı keçirməyi planlaşdırır.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Bessent CNBC-yə müsahibəsində bildirib.
Ötən gün ABŞ Prezidenti Donald Tramp İrana hər hansı yardım göstərəcək istənilən ölkə üçün iqtisadi nəticələrin olacağı barədə xəbərdarlıq edib.
Həmçinin onun fikrincə, neft bazarları Tehrana edilən iqtisadi təzyiqin nəticələrini yanlış qiymətləndirir:
"Əgər biz maksimum iqtisadi təzyiq göstəririksə, bu, böyük ehtimalla hasilatın genişmiqyaslı bərpasının olmayacağı deməkdir. Biz əminik ki, hamı Hörmüz boğazının işinin bərpa olunmasını və enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsini istəyir".
ABŞ-nin İrana qarşı növbəti tədbirlərinə münasibətdə Pekinin mövqeyinə toxunan Bessent qeyd edib ki, Çin enerji resurslarının 50%-ni Fars körfəzi ölkələrindən alır, buna görə də Vaşinqtonun təşəbbüsünə qoşulmaq onun maraqlarında olardı.
İsveçrə və Çin İsveçrə mallarının Çin bazarına çıxışını genişləndirəcək yenilənmiş azad ticarət sazişi üzrə danışıqları başa çatdırıb.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsveçrə rəsmiləri bildiriblər.
İsveçrə Prezidenti Gi Parmelen və Çinin ticarət naziri Van Ventao Berndəki görüşdən sonra danışıqların başa çatdığını elan ediblər.
Yeni sazişə əsasən, İsveçrə ixracının 99,8%-i Çin bazarına rüsumsuz daxil ola biləcək. Bu, güzəştli rejimin İsveçrə tədarüklərinin təqribən yarısına şamil edildiyi qüvvədə olan şərtləri əhəmiyyətli dərəcədə genişləndirir.
Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb.
"Report" xəbər verir ki, bu barədə yerli media Nigeriyanın Milli Daxili Su Yolları İdarəsinə istinadən məlumat yayıb.
İlkin məlumatlara görə, göyərtəsində 70-dən çox insanın olduğu qayıq Sokoto ştatı ərazisində yola düşdükdən qısa müddət sonra aşıb. Sərnişinlərin əksəriyyəti 10-15 yaşlarında uşaqlar olub.
"Hazırda 40-a yaxın cəsəd tapmışıq, 6 nəfər isə xilas edilib", - yerli jurnalist bildirib.
Axtarış-xilasetmə əməliyyatı davam edir. İlkin məlumatlara görə, qayıq həddindən artıq yükləndiyi üçün aşıb.
Kolumbiyanın cənubunda lisenziyasız mədəndə baş verən torpaq sürüşməsi nəticəsində azı 13 işçi ölüb, 7 nəfər isə yaralanıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında Narinyo departamentinin Polikarpa bələdiyyəsi yaxınlığındakı açıq qızıl mədənində baş verib.
İşçilər dağıntılar altında qalıblar. Xilasedicilər və yerli sakinlər ekskavatorların köməyi ilə ölənlərin meyitlərini çıxarıblar.
Azərbaycan və İraq iki ölkə arasında media əməkdaşlığının gücləndirilməsi, xəbər, mədəniyyət və idman sahələrində mübadilənin genişləndirilməsi yollarını müzakirə ediblər.
"Report" "Iraqi News Agency"yə istinadən xəbər verir ki, müzakirələr Azərbaycanın İraqdakı səfiri Eldar Səlimovun İraq Media Şəbəkəsinin rəhbəri Əbdül Kərim Həmmadi ilə görüşü zamanı baş tutub.
Söhbət zamanı Həmmadi dövlətlər arasında möhkəm ikitərəfli münasibətlərin mövcudluğunu vurğulayıb və İraq vətəndaşlarının Azərbaycanın turizm, mədəni və tarixi potensialına böyük marağı olduğunu diqqətə çatdırıb.
"İraq Media Şəbəkəsi iki ölkə xalqları arasında əlaqələrin möhkəmlənməsinə töhfə verə biləcək Azərbaycan mediası ilə əməkdaşlığa açıqdır. Şəbəkəmizin vəzifələrindən biri İraq vətəndaşlarına məlumat çatdırmaq və onları Azərbaycanda ziyarət edə biləcəkləri müxtəlif məkanlar və görməli yerlərlə tanış etməkdir", - o qeyd edib.
Həmmadinin sözlərinə görə, İraq Media Şəbəkəsi həmçinin Azərbaycanda iraqlı idmançılar üçün təlim-məşq toplanışlarının təşkili imkanını nəzərdən keçirir və azərbaycanlı jurnalistlərin İraqda işləməsi üçün zəruri şərait yaratmağa hazırdır.
Öz növbəsində, Səlimov Azərbaycan və İraqın media təşkilatları arasında əməkdaşlıq haqqında sazişin imzalanmasında maraqlı olduğunu bildirib və media sahəsində informasiya mübadiləsinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, İraq və Azərbaycanın media təşkilatları arasında əməkdaşlığın möhkəmləndirilməsi hər iki ölkədə baş verən hadisə və prosesləri daha dolğun işıqlandırmağa imkan verəcək.
Yəmən husiləri Səudiyyə Ərəbistanının cənubundakı Nəcran şəhərində hava limanına və "Saudi Aramco" neft şirkətinin obyektinə hücum etdiklərini bildiriblər.
"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə husilərlə əlaqəli "Al Masirah" telekanalı məlumat yayıb.
Bəyanatda bildirilib ki, husilər Nəcran hava limanı ərazisindəki "həssas" obyektlərə və "Saudi Aramco" obyektinə zərbələr endiriblər.
Səudiyyə Ərəbistanı hücum barədə məlumatı hələlik rəsmi olaraq təsdiqləməyib.
Rusiya qoşunları avqustun 20-nə keçən gecə Ukraynanın Kiyev vilayətinin Brovarı rayonundakı KLO şəbəkəsinin neft bazasına hücum edib.
"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" KLO şirkətinin paylaşımına istinadən məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində obyektdə dağıntılar qeydə alınıb, işçilərdən heç kim xəsarət almayıb.
Şirkətdən qeyd edilib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri şəbəkə artıq bir sıra yanacaqdoldurma komplekslərini itirib.
Hazırda KLO əməkdaşları hücumun nəticələrinin aradan qaldırılması və zədələnmiş obyektlərin bərpası ilə məşğuldurlar.
1995-ci ildə əsası qoyulmuş Ukraynanın KLO şirkəti əsasən Kiyev və onun ətrafında yanacaqdoldurma kompleksləri şəbəkəsinə sahibdir. O, mağazaların, kafelərin və avtoyuma məntəqələrinin də fəaliyyət göstərdiyi onlarla yanacaqdoldurma məntəqəsini idarə edir.
Ukrayna İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu (İAP) Prezident Ofisinin yüksək vəzifəli şəxslərinin, sabiq və fəaliyyətdə olan xalq deputatlarının iştirakı ilə korrupsiya sxemlərinin ifşasına dair "Forest Qamp" və "Femida" işlərində adı hallanan bütün fiqurantların adlarını açıqlayıb.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Antikorrupsiya Məhkəməsinin iclasında bildirilib.
Məlumata görə, sabiq xalq deputatı Maksim Mikitas barəsində qətimkan tədbirinin seçilməsi üzrə fiqurantlar arasında Ukrayna Prezident Ofisi rəhbərinin sabiq müavini İrina Mudraya, ofisin hüquq siyasəti üzrə direktoratının baş direktoru Viktor Dubovik və Ukraynanın ədliyyə nazirinin müavini Yelena Ferensin adları çəkilir.
Həmçinin iş üzrə adı çəkilən şəxslər arasında keçmiş deputat Maksim Mikitaş, hazırkı deputat Vadim Stolar, iş adamı və Dnepropetrovsk vilayət şurasının keçmiş deputatı Vasili Astion, "Sens Bank"ın keçmiş rəhbərləri Nikolay Qladişenko və Oleq Stupak, eləcə də bankın departamentlərindən birinin rəhbəri Lyudmila Sniqur yer alır.
Bundan başqa, materiallarda Valentin Yelizarov, "Metrostroy" MMC-nin rəhbəri, Nikita Tarkovski, Yeqor Merkulov və Aleksandr Ostapenkonun adları hallanır.
Bununla belə, sabiq deputat Maksim Mikitasa qarşı irəli sürülən yeni şübhə artıq beşincidir. Əvvəllər ona qarşı şübhələrin irəli sürüldüyü üç işə artıq Ukrayna Ali Antikorrupsiya Məhkəməsində baxılır. Yeni icraat Ukraynanın sabiq energetika naziri German Qaluşenko üçün girov ödənilməsi məqsədilə vəsait toplanmasına aiddir.
Rusiya ordusu yenidən Kiyevə (Ukrayna) hücum edib, paytaxtda pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.
Bu barədə "Report" Kiyev meri Vitali Kliçkonun "X" sosial şəbəkəsinə istinadən xəbər verir.
"PUA qalıqları qeyri-yaşayış binalarının ərazisinə düşüb. Yanğın baş verib", - Kliçko bildirib.
Onun sözlərinə görə, hadisə yerinə təcili xidmətlər yollanıb.
Qeyd edək ki, Rusiya qoşunları avqustun 20-nə keçən gecə ballistik və "Tsirkon" hipersəs raketlərindən, eləcə də PUA-lardan istifadə edərək Kiyevə və onun vilayətinə növbəti kütləvi zərbələr endirib. Nəticədə 15 nəfər ölüb.
Altı silahlı şəxs Yəmən sahilləri yaxınlığında, Ədən körfəzində tankeri ələ keçirib və gəmini Somali istiqamətinə yönləndirib.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.
Qurumun məlumatına görə, hadisə Əl-Mükəllad yaxınlığında baş verib. Ədən körfəzi ilə qərbə doğru hərəkət edən tanker icazəsiz gəminin yaxınlaşdığını bildirərək VHF 16 kanalında fəlakət siqnalı verib.
Daha sonra UKMTO altı silahlı şəxsin tankerin göyərtəsinə qalxması, gəmini nəzarətə götürməsi və onun kursunu Somali istiqamətində dəyişdirməsi barədə məlumat alıb.
Ukrayna Tatarıstanın Nijnekamsk şəhərindəki "TANEKO" neft emalı zavoduna (NEZ) və Rusiyanın Krasnodar diyarının Volna qəsəbəsindəki "Tamannefteqaz" neft terminalına zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Telegram"dakı məlumatında bildirilib.
Baş Qərargahın məlumatına görə, obyektlərə zərbələr avqustun 19-da və avqustun 20-nə keçən gecə endirilib. Nəticədə "TANEKO" NEZ ərazisində və "Tamannefteqaz" terminalında yanğın qeydə alınıb.
Ukraynanın Müdafiə Qüvvələri Rusiya tərəfindən müvəqqəti işğal olunmuş Zaporojye vilayətində Moloçnaya çayı üzərindəki avtomobil körpüsünü vurub.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri teleqram kanalında məlumat yayıb.
Ukrayna avqustun 19-na keçən gecə Rusiya Silahlı Qüvvələrinin hərbi logistikanı təmin etmək üçün istifadə etdiyi körpüyə zərbə endirib.
Bundan əlavə, işğal altındakı Donetsk və Luqansk vilayətlərində Rusiya qoşunlarının üç anbarı, həmçinin Rusiya tərəfindən müvəqqəti işğal olunmuş Krımın Olenyovka ərazisində "Geran"/"Gerbera" tipli zərbə pilotsuz uçuş aparatlarını (PUA) idarə etmək üçün yerüstü retranslyator və Xerson vilayətinin Verxni Roqaçik rayonunda PUA idarəetmə məntəqəsi vurulub.
Ukrayna ordusu Rusiyanın nəzarəti altında olan Luqansk vilayətinin Kadiyevka ərazisindəki maddi-texniki təminat anbarına və Lisiçanskda Rusiya qoşunlarının silah və hərbi texnikasının cəmləşmə rayonuna zərbə endirib.
Ukrayna davam edən Rusiya-Ukrayna müharibəsi fonunda enerji avadanlıqları ilə təminatda göstərilən yardıma görə Azərbaycana təşəkkür edib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.
Vurğulanıb ki, bu ilin əvvəlindən Avropa İttifaqı, Azərbaycan, Avstriya, Belçika, Danimarka, Estoniya, İslandiya, İspaniya, İtaliya, Kanada, Latviya, Litva, Lüksemburq, Moldova, Niderland, Almaniya, Norveç, Slovakiya, ABŞ, Türkiyə, Finlandiya, Fransa, Filippin, İsveçrə, İsveç, Yaponiya, Çexiya, Polşa, Kipr və Çindən olan tərəfdaşlar Ukraynaya enerji avadanlıqları təqdim ediblər.
Ümumilikdə 2022-ci ilin martından ölkənin Energetika Nazirliyinin koordinasiyası ilə Ukraynaya ümumi çəkisi 32,3 min tondan çox olan enerji avadanlıqlarından ibarət 2 542 humanitar yük daxil olub. 28,9 min tondan çox avadanlıq artıq regionlar arasında bölüşdürülüb.
"Ukraynanın enerji sisteminin işinin təmin edilməsindəki yardıma görə bütün tərəfdaşlarımıza dərindən minnətdarıq", - məlumatda qeyd olunub.
Braziliyada avtobusla yük maşınının toqquşması nəticəsində azı 22 nəfər ölüb, 5 nəfər yaralanıb.
"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə yolun operatoru olan şirkət məlumat yayıb.
"İlkin məlumatlara görə, yük maşını əks hərəkət zolağına çıxaraq avtobusla toqquşub. Hadisənin təfərrüatları hadisə yerində aparılan araşdırma zamanı müəyyənləşdirilir", - məlumatda bildirilir.
Qeyd olunur ki, ölənlərin əksəriyyəti İmbituva şəhər meriyasının Səhiyyə Departamentinə məxsus mikroavtobusun sərnişinləri olub.
Azərbaycan və Bolqarıstan innovasiyalar, rəqəmsal transformasiya və süni intellekt sahəsində əməkdaşlığı müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Elmar Məmmədov Bolqarıstanın innovasiyalar və rəqəmsal transformasiya naziri İvan Vasilyevlə görüşünün yekunlarına dair "X" sosial şəbəkəsində bildirib.
"İnnovasiyalar və rəqəmsal transformasiya naziri cənab İvan Vasilyevlə görüşməkdən məmnunluq duydum. Biz Azərbaycan və Bolqarıstan arasında son 11 il ərzində inkişaf edən əla strateji tərəfdaşlıq, eləcə də innovasiyalar, rəqəmsal transformasiya və süni intellekt sahələrində əməkdaşlıq barədə fikir mübadiləsi apardıq", - diplomat qeyd edib.
Ukrayna Prezidenti Volodimir Zelenski İrina Mudrayanı Prezident Ofisi rəhbərinin müavini vəzifəsindən azad edib.
"Report" xəbər verir ki, dövlət başçısı bu barədə fərmanı avqustun 19-da imzalayıb.
Qeyd edək ki, bu gün, avqustun 19-da Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu xalq deputatlarının və Ukrayna Prezidenti Ofisinin yüksək vəzifəli məmurlarının iştirak etdiyi cinayətkar təşkilatın ifşa edilməsi üzrə xüsusi əməliyyat keçirir.
Ali Radanın xalq deputatı Aleksey Qonçarenkonun məlumatına görə, Prezident Ofisi rəhbərinin müavini İrina Mudrayanın evində axtarış aparılıb.
Zelenski İrina Mudrayanı 2024-cü ilin martında Prezident Ofisi rəhbərinin müavini təyin edib. Bundan əvvəl Mudraya ədliyyə nazirinin müavini vəzifəsində çalışırdı.
Keniyada Ololokve dağında "Eurocopter" helikopterinin qəzaya uğraması nəticəsində 6 turist və bir pilot da daxil olmaqla 7 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə yerli media polisə istinadən məlumat yayıb.
Məlumata görə, helikopter "Lady Lori" çarter şirkəti tərəfindən istismar olunurdu və Laykipiya dairəsindəki Soyan fermasından Keniyanın mərkəzi hissəsində yerləşən Loysaba qoruğuna uçurdu.
Qəzanın səbəbi hələlik müəyyən edilməyib.
Keniyada göyərtəsində 7 əcnəbi turistin olduğu helikopter qəzaya uğrayıb.
"Report" yerli mediaya istinadən xəbər verir ki, hadisə Samburu dairəsində, Ololokve dağı yaxınlığında baş verib.
Turistlərin vətəndaşlığı, göyərtədə olan insanların dəqiq sayı və ölənlərin olub-olmaması hələ ki dəqiqləşdirilməyib. Yerli sakinlər və xilasedici komandalar hadisə yerinə yollanıblar.
Azərbaycanın Qazaxıstandakı səfiri Əlimirzamin Əsgərov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə etimadnaməsini təqdim edib.
"Report" Akordaya istinadən xəbər verir ki, diplomat etimadnaməsini dövlət başçısına Astanada, Müstəqillik Sarayında keçirilən mərasimdə təqdim edib.
Azərbaycan səfirindən başqa, Moldova, Vyetnam, Koreya Respublikası, Cənubi Afrika Respublikası, Slovakiya, Almaniya, Sloveniya və Namibiya səfirləri də etimadnamələrini təqdim ediblər.
Salamlama nitqində Tokayev Qazaxıstanın sülhsevər xarici siyasət kursuna sadiq olduğunu qeyd edib və ölkənin sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə vermək səyini vurğulayıb.
Sonda dövlət başçısı Qazaxıstanın təmsil olunan ölkələrlə münasibətlərin daha da möhkəmləndirilməsində və çoxşaxəli əməkdaşlığın inkişafında maraqlı olduğunu təsdiqləyib.
BƏƏ-də İrana maliyyə dəstəyinin verilməsi və əcnəbi işçilər üçün yaşayış icazələrinin ləğv edilməsi barədə xəbərlərin saxta olduğu bildirilib.
"Report" xəbər verir ki, bu barədə BƏƏ Prezidentinin müşaviri Ənvər Qarqaş "X" sosial şəbəkəsində bildirib.
"Bəzi platformalar ölkə ilə bağlı yalan məlumatlar yayır, halbuki dövlət regiondakı hadisələrə reaksiya vermək və münaqişədən sonrakı dövrə hazırlaşmaq üçün səylərini cəmləşdirməyə davam edir", - o yazıb.
Qarqaş vurğulayıb ki, BƏƏ-nin yanaşması ondan ibarətdir ki, bu cür bəyanatlara ən yaxşı cavab konkret iş və real nailiyyətlərdir.
"Yayılan şayiələrə - xüsusən də işçilər üçün yaşayış icazələrinin ləğv edilməsi və digər bu kimi iddialara gəldikdə isə, bu, saxta məlumatdır və ümidsiz media kampaniyalarının bir hissəsidir", - BƏƏ Prezidentinin müşaviri qeyd edib.
Rusiya Xersonun (Ukrayna) Korabelnı rayonunda mikroavtobusa dronla zərbə endirib, nəticədə dörd nəfər ölüb, daha dörd nəfər isə yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqram kanalında məlumat verib.
"Bu zərbə nəticəsində dörd nəfər həlak olub, hazırda onların şəxsiyyəti müəyyənləşdirilir. Daha dörd qadın yaralanıb, onlar xəstəxanaya yerləşdiriliblər. Həkimlər zərərçəkənləri müayinə edir və lazımi yardımı göstərirlər", – məlumatda bildirilir.
Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokrorluğu (İAP) Ali Radanın keçmiş deputatları və Prezident Ofisinin yüksək vəzifəli məmurlarının daxil olduğu cinayətkar təşkilatın ifşa edilməsi üzrə xüsusi əməliyyat keçirir.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə NABU-dan bildiriblər.
Qurumun məlumatına görə, təşkilat Ukraynanın fəaliyyətdə olan və keçmiş xalq deputatlarının rəhbərliyi altında fəaliyyət göstərib. Onun fəaliyyətinə həmçinin Prezident Ofisinin yüksək vəzifəli əməkdaşları və digər şəxslər cəlb olunub.
NABU-da xüsusi əməliyyatın təfərrüatlarının sonradan açıqlanacağını bildiriblər.
Öz növbəsində, Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Telegram-da Ukrayna Prezident Ofisi rəhbərinin müavini İrina Mudrayanın evində axtarışların aparıldığını bildirib.
Malayziyanın Azərbaycana yeni təyin olunmuş səfiri Aznifa Əbdül Qəni Bakıya gəlib.
"Report" xəbər verir ki, bu barədə Malayziya səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Malayziya səfirliyi 2026-cı il avqustun 17-də rəsmi olaraq vəzifəsinin icrasına başlayan Malayziyanın Azərbaycan Respublikasındakı yeni səfiri Aznifa Əbdül Qənini səmimi qəlbdən salamlayır", - məlumatda bildirilir.
Rusiya qoşunları Ukraynanın Xerson və Zaporojye vilayətlərini atəşə tutub, nəticədə 2 nəfər ölüb, 19 nəfər yaralanıb.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri məlumat veriblər.
Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, Rusiya qoşunlarının vilayəti atəşə tutması nəticəsində doqquz nəfər xəsarət alıb.
Bundan başqa, sutka ərzində Rusiya qoşunları Zaporojye vilayətinin 52 yaşayış məntəqəsinə 1 019 zərbə endirib. Vilayətin rəhbəri İvan Fyodorov zərbələr nəticəsində 2 nəfərin həlak olduğunu, 10 nəfərin yaralandığını bildirib.
Onun sözlərinə görə, sutka ərzində regionun yaşayış məntəqələrinə 1 019 zərbə qeydə alınıb.
Ukrayna pilotsuz uçuş aparatları avqustun 19-na keçən gecə Rusiyanın Nijni Novqorod vilayətindəki Dzerjinsk şəhərinə kütləvi hücum edib.
"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.
Məlumata görə, tüstülənmə mənbəyinin Sverdlov adına partlayıcı maddələr zavodunun ərazisində olması ehtimalı yüksəkdir. Hücumun nəticələri və xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.
Sverdlov adına zavod Dzerjinskdə ən böyük müəssisələrdən biridir və Rusiyanın hərbi-sənaye kompleksinə daxildir. Müəssisə partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşıb və 100 ildən çoxdur fəaliyyət göstərir.
Zavod Ukrayna, Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Yaponiya və İsveçrənin sanksiyaları altındadır.
Öz növbəsində, Başqırdıstanın rəhbəri Radiy Xabirov Ufadakı sənaye müəssisələrinin yenidən pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını bildirib.
"Ümumilikdə altı pilotsuz uçuş aparatından dördü vurulub. Onlardan biri sənaye zonasına düşüb, kiçik yanğın baş verib", - o, "Max" kanalında yazıb.
Region rəhbəri əlavə edib ki, daha bir PUA Zaton mikrorayonunda yaşayış binasına çırpılıb. İlkin məlumata görə, bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
ABŞ Prezidenti Donald Tramp immiqrantların Mərakeşdən İspaniyaya qanunsuz daxil olmasını fəlakət və işğal kimi xarakterizə edib.
"Report" bu barədə xarici mediaya istinadən xəbər verir.
"Dünən mən İspaniyada baş vermiş fəlakəti izlədim. Bu, yüz minlərlə insanın ölkəni işğal etməsinə bənzəyir", – Tramp cümə günü Kemp Devid iqamətgahında çıxış edərkən deyib.
Amerika liderinin sözlərinə görə, əgər respublikaçılar seçilməsə, eyni hal ABŞ ilə də baş verəcək.
"Əgər biz hakimiyyətdə olmasaq, ölkəmizə müdaxilə ediləcək", – o fikrini tamamlayıb.
Qeyd edək ki, iyulun 31-də Mərakeşdən on minlərlə qeyri-qanuni miqrant İspaniyanın Seuta şəhərinə soxulub və buna görə də hakimiyyət orqanları şəhərə ordu yeridib. Bəziləri ölkəyə üzərək çatmağa cəhd edib və boğulub. Sahildən 57 nəfərin cəsədi tapılıb.
Livan Prezidenti Cozef Aun bildirib ki, İsrail ordusu tərəfindən ölkənin cənubundakı Bofort qalası ərazisində törədilən partlayışlar tərəflər arasında bu yaxınlarda əldə olunmuş çərçivə sazişi üçün birbaşa təhlükə yaradır.
"Report" "Al Arabiya"ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının dəftərxanasının bəyanatında deyilir.
Aunun sözlərinə görə, baş verənlər son dərəcə təhlükəli eskalasiyadır və əldə edilmiş saziş çərçivəsində başlanan prosesi təhlükə altına alır.
Livan lideri həmçinin qeyd edib ki, insident tərəflər arasında gələn həftə Romada keçirilməsi planlaşdırılan növbəti danışıqlar raundu ərəfəsində baş verib.
Onun sözlərinə görə, davam edən danışıqlar prosesi fonunda bu cür hərəkətlər mənfi siqnallar göndərir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatlarına baxmayaraq, Vaşinqton Kiyevə "Patriot" sistemləri üçün ABŞ raketlərinin istehsal lisenziyasının verilməsi barədə hələ qərar qəbul etməyib.
"Report" "MS NOW"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
"Biz hələ ki, buna razılıq verməmişik. Bu məsələni müzakirə edirik, lakin belə texnologiyaları vermək asan deyil", - ABŞ lideri bildirib.
Trampın sözlərinə görə, ABŞ qabaqcıl hərbi texnologiyaları digər dövlətlərə verərkən son dərəcə ehtiyatlı olmalıdır.
"Biz dünyada ən güclü silahlara malikik. O silahların istehsal sirlərini açarkən çox ehtiyatlı olmalıyıq", - o qeyd edib. Tramp əlavə edib ki, belə texnologiyaları əldə edən ölkə "nə vaxtsa sizə qarşı çıxa bilər".
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran hakimiyyətinin Hörmüz boğazının bağlanması ilə bağlı növbəti bəyanatını təkzib edərək, beynəlxalq dəniz yolunun kommersiya gəmiçiliyi üçün açıq qaldığını bildirib.
"Report" xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.
"İran hökuməti növbəti dəfə Hörmüz boğazının bağlandığını bəyan edir. Bu, yalandır", - ABŞ komandanlığından vurğulayıblar.
CENTCOM-dan qeyd ediblər ki, Hörmüz boğazı ticarət gəmilərinin tranziti üçün açıqdır, İran isə bu beynəlxalq su marşrutuna nəzarət etmir.
Komandanlığın məlumatına görə, son dörd ay ərzində Hörmüz boğazından minlərlə ticarət gəmisi keçib.
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə ilə Azad ticarət haqqında sazişin ratifikasiyası barədə qanunu imzalayıb.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, müvafiq məlumat Ukrayna Ali Radasının saytında dərc olunub.
Qeyd olunub ki, saziş ikitərəfli iqtisadi əməkdaşlığın inkişafına, Ukrayna istehsalçıları üçün satış bazarlarının genişləndirilməsinə, biznes üçün yeni imkanların yaradılmasına, eləcə də yerli istehsalın inkişafı və modernləşdirilməsinə yönəlib.
Azad ticarət haqqında saziş 2011–2022-ci illərdə keçirilmiş 12 raunddan ibarət danışıqların yekunlarına əsasən, 2022-ci il fevralın 3-də Kiyevdə Ukraynanın Baş naziri Denis Şmıqal və Türkiyənin ticarət naziri Mehmet Muş tərəfindən imzalanıb.
Türkiyə parlamenti sənədi 2024-cü il avqustun əvvəlində, Ukrayna Ali Radası isə 2026-cı il iyulun 14-də ratifikasiya edib.
Saziş dövlətdaxili prosedurlar başa çatdıqdan və iki ölkə arasında ratifikasiya fərmanları mübadilə edildikdən sonra qüvvəyə minəcək.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin vitse-prezidenti Cey Di Venslə telefon danışığı aparıb.
"Report" xəbər verir ki, bu barədə Zelenski öz teleqram kanalında yazıb.
Tərəflər Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi məsələlərini və Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatı üçün fəsadlarını müzakirə ediblər.
"Biz bu yaxınlarda Vaşinqtonda Prezident Trampla görüşümüzün yekunlarını müzakirə etdik – bu görüş müsbət və məhsuldar idi", - Zelenski qeyd edib.
O əlavə edib ki, Rusiya Ukrayna ərazisinə aviazərbələri davam etdirir, buna görə də "Patriot" sistemləri üçün raket tədarükü Kiyevin əsas prioritetlərindən biri olaraq qalır.
Bundan başqa, tərəflər Rusiya-Ukrayna müharibəsinin dünya bazarlarına təsirini müzakirə ediblər.
Vyana İspaniyada miqrasiya vəziyyətinin pisləşəcəyi təqdirdə Şengen vizalarının verilməsini müvəqqəti dayandıra bilər.
"Report" xəbər verir ki, bu barədə Avstriya kansleri Kristian Ştoker "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, İspaniyadakı hadisələr həyəcan siqnalıdır, Avstriya isə vəziyyətin inkişafını diqqətlə izləyir və daxili işlər və miqrasiya üzrə Avropa komissarı Maqnus Brunner, Avropa məsələləri üzrə nazir Klaudiya Bauer və Avstriyanın xarici işlər naziri Gerhard Karnerlə daim əlaqə saxlayır.
Kansler vurğulayıb ki, İspaniya Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməli və qeyri-qanuni miqrantların Aİ ərazisinə daxil olmasına yol verməməlidir.
Ştoker bildirib ki, İspaniya hökumətinin minlərlə qeyri-qanuni miqranta yaşamaq icazəsinin verilməsi qərarı qanunsuz miqrant axınına əlavə təkan verib.
O qeyd edib ki, Avstriya Sığınacaq və miqrasiya üzrə Avropa paktının ən qısa zamanda həyata keçirilməsinin tərəfdarıdır.
"Əgər İspaniyada vəziyyət milli sərhədlərimizə təzyiq göstərəcək şəkildə inkişaf edərsə, biz hüdudlarımızı qorumaq üçün əlimizdən gələni edəcəyik. Bu, lazım gələrsə, Şengen zonası sərhədlərinin müvəqqəti bağlanmasını da əhatə edə bilər", - o yazıb.
Sülh Şurasının dərc etdiyi Qəzza zolağı üzrə saziş layihəsi yəhudi dövləti üçün qəbuledilməzdir.
"Report" xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir "X" sosial şəbəkəsində bildirib.
Ben-Qvirin sözlərinə görə, 7 oktyabr hadisələrindən sonra İsrail HƏMAS-a qarşı hərbi əməliyyatların dayandırılmasına razı ola bilməz.
"Bu təşkilatın terrorçularının məhv edilməsini dayandırmaq öhdəliyi HƏMAS-a növbəti qırğına hazırlaşmaq üçün yenidən qruplaşmaq imkanı verməyə razılaşmağa bərabərdir", - nazir bildirib.
O vurğulayıb ki, Qəzza zolağında HƏMAS-a qarşı əməliyyatlar davam etməlidir.
Bundan başqa, Ben-Qvir Qəzza zolağından əhalinin köçürülməsinin təşviq edilməsini bir daha dəstəklədiyini və İsrailin "qalib gəlməli olduğunu" bildirib.
Qeyd edək ki, Sülh Şurası ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında Hərtərəfli sülh planının həyata keçirilməsinin başa çatdırılması üzrə Yol Xəritəsini dərc edib.
Ukrayna kəşfiyyatı Rusiyanın ölkə ərazisinə və gəmilərinə yeni zərbələr hazırlaması barədə məlumat alıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ali Baş Komandanlıq Qərargahının iclasının yekunları üzrə "Telegram" kanalında məlumat verib.
Zelenskinin sözlərinə görə, Ukrayna tərəfi mümkün hücumlara qarşı əks-tədbirlər üzərində işləyir.
"Əks-tədbirlər hazırlayırıq. Bu gün Ukrayna Müdafiə Qüvvələrinin tərəfdaşlarımızdan tələb olunan tədarüklərlə bağlı sorğularının siyahısını yenilədik - bu barədə dövlət liderləri ilə danışacağam", - prezident qeyd edib.
O, həmçinin bildirib ki, iclas zamanı cəbhədəki vəziyyət müzakirə olunub. Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixail Drapatı ilk dəfə bu formatda məruzə təqdim edərək, Slavyansk, Konstantinovka və Zaporojye istiqamətlərinə xüsusi diqqət yetirib.
Bundan başqa, Qərargah iştirakçıları Rusiya infrastrukturuna uzaqmənzilli zərbələrin endirilməsi üzrə Ukrayna planının həyata keçirilməsini, logistika məsələlərini, Rusiyanın Odessaya və Odessa vilayətinə hücumlarının nəticələrini, eləcə də dəniz ixrac dəhlizinin fəaliyyətini nəzərdən keçiriblər.
Ukraynanın ixrac marşrutlarının şaxələndirilməsi tədbirlərinə və logistika zəncirlərinin sabit işini təmin etmək üçün beynəlxalq tərəfdaşlarla qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirilib.
Ukrayna Rusiyanın Krasnodar diyarında dəniz terminalının, eləcə də Sarapul, Kazan və Volqoqradda 3 logistika mərkəzinin vurulduğunu bəyan edib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, Krasnodar diyarındakı dəniz terminalı cəbhə xəttindən təxminən 270 km məsafədə yerləşir. Bundan başqa, təmas xəttindən demək olar ki, 480 km məsafədə Volqoqrad vilayətindəki neft emalı zavoduna zərbə endirilib.
Zelenski həmçinin bildirib ki, Ukrayna hərbçiləri Rusiya ərazisində - Sarapul, Kazan və Volqoqradda 500-1300 km məsafədə yerləşən üç logistika mərkəzini vurublar.
Ukrayna Prezidentinin sözlərinə görə, uzaq və orta mənzilli zərbələr uzunmüddətli sanksiyalar planının bir hissəsidir və Rusiya ordusunu müharibəni davam etdirmək üçün lazım olan resurslardan məhrum etməyə yönəlib.
Bundan başqa, Zelenski Azov dənizi akvatoriyasında uğurlu zərbələr endirildiyini bəyan edib.
Rusiya bu gün Ukraynanın Vinnitsa, Odessa, Xmelnitski və Xerson vilayətlərinə zərbələr endirib, hücumlar nəticəsində 1 nəfər həlak olub, 12 nəfər yaralanıb.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarının nümayəndələri məlumat veriblər.
Rusiya qoşunları Vinnitsa vilayətində mülki infrastruktur obyektinə zərbə endirib. Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, 9 nəfər xəsarət alıb. Həmçinin "Novaya poçta" şirkətinin şöbəsinin zədələndiyi bildirilir.
Odessaya endirilən raket zərbəsi nəticəsində mülki infrastruktur obyektləri, o cümlədən müəssisə ərazisi, eləcə də xəstəxana və kollec binaları zədələnib.
Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, 2 nəfər xəsarət alıb: 43 yaşlı kişinin vəziyyəti ağırdır, xəstəxananın 72 yaşlı əməkdaşı isə orta ağır dərəcəli xəsarətlər alıb.
Bundan başqa, Xmelnitskidə bir neçə partlayış baş verib. Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Tyurinin ilkin məlumatına görə, xəsarət alan yoxdur. Hadisə yerində aidiyyəti xidmətlər çalışır.
Rusiya Xerson vilayətinin Kamışanı qəsəbəsində mülki avtomobilə dron zərbəsi endirib.
Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin məlumatına görə, zərbə nəticəsində bir kişi həlak olub, onun şəxsiyyəti müəyyənləşdirilir. Yaralanmış 21 yaşlı gənc isə xəstəxanaya yerləşdirilib, ona zəruri tibbi yardım göstərilir.
İsveçrənin federal xarici işlər naziri İqnasio Kasis Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri qismində Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə "Report" İsveçrə Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.
Məlumata görə, Azərbaycana səfəri zamanı İ.Kasis ikitərəfli münasibətlər, Cənubi Qafqazda sülh prosesi, eləcə də İsveçrənin ATƏT-ə sədrliyinin regiondakı rolu məsələlərinə dair danışıqlar aparacaq.
Bildirilib ki, Azərbaycandan sonra ATƏT sədri Türkmənistana səfər edəcək. Azərbaycan və Türkmənistana səfər tarixləri 4–5 avqustdur.
Qeyd olunub ki, federal nazirin səfəri payızda Ermənistan və Gürcüstana səfərlərlə davam edəcək regional turnenin ilk mərhələsi olacaq.
Ukrayna Təhlükəsizlik Xidməti Müdafiə Qüvvələri ilə birlikdə Rusiyadakı "Lukoyl-Volqoqradneftepererabotka" neft emalı zavodunun (NEZ) vurulduğunu bəyan edib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti öz teleqram kanalında məlumat yayıb.
Qurumun məlumatına görə, əməliyyat çərçivəsində müvəqqəti işğal olunmuş Krımdakı Yevpatoriya aviasiya zavoduna və Rusiyanın Krasnodar diyarındakı Taman limanının infrastrukturuna da zərbələr endirilib.
Məlumata görə, Evpatoriyada aviasiya texnikasının saxlanması üçün iki anqar və aviasiya zavodunun istehsalat sexi vurulub.
Bundan əlavə, Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, Taman limanının infrastrukturuna endirilən zərbə nəticəsində yanğın baş verib.
Eyni zamanda, Ukrayna xüsusi xidmət orqanının məlumatına görə, "Lukoyl-Volqoqradneftepererabotka" neft emalı zavodu da vurulub. Zavod ildə təxminən 15 milyon ton neft emalı gücünə malikdir. Müəssisə avtomobil benzini, dizel və aviasiya yanacağı istehsal edir.
Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Azərbaycan dilini öyrənmək niyyətində olduğunu bildirib.
"Report" xəbər verir ki, bununla bağlı video 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən feysbuk sosial şəbəkəsində paylaşılıb.
Paylaşımda deyilir: "1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Avropa İttifaqının səfiri Mariyana Kuyunciç bu zəngin dili öyrənməyə başlayıb. Bu videonu sizinlə bölüşürük."
Paylaşıma əlavə olunmuş videoda diplomatik missiyanın rəhbəri auditoriyaya Azərbaycan dilində müraciət edir.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İordaniyadakı Əl-Əzraq aviabazasına hücum zamanı ABŞ-nin üç "F-35" qırıcısının məhv edilməsi barədə bəyanatını təkzib edib.
"Report" xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsindəki bəyanatında bildirilir.
"İranın son hücumları zamanı heç bir ABŞ təyyarəsi məhv edilməyib və ya zədələnməyib. Bütün raketlər və pilotsuz uçuş aparatları zərərsizləşdirilib və ya hədəfə çatmayıb", - məlumatda deyilir.
Bundan başqa, CENTCOM SEPAH-ın Hörmüz boğazından keçən kommersiya gəmiləri üçün guya təhlükənin olması barədə iddialarını təkzib edərək, əsl təhlükənin elə SEPAH-ın özünün təhdidləri və hücum cəhdlərinin olduğunu bildirib.
ABŞ komandanlığı həmçinin "M/T Nora" kommersiya neft tankerinin guya ABŞ blokadasını yarması barədə xəbərlərin həqiqətə uyğun olmadığını bildirib və ABŞ Silahlı Qüvvələrinin regionda nəzarəti təmin etməyə davam etdiyini vurğulayıb.
"Kommersiya gəmisi ABŞ-nin blokadasını yarmayıb. 20-dən çox ABŞ hərbi gəmisi, yüzlərlə təyyarə və minlərlə hərbçi sayıqlığını qoruyur və blokadaya riayət olunmasını tam şəkildə təmin etməyə davam edir", - bəyanatda vurğulanır.
Yəmənin xarici işlər nazirinin müavini Mustafa Noman husilərin təhdidləri fonunda Bab-ül-Məndəb boğazından keçən gəmilərin təhlükəsizliyini təmin etmək üçün regional və beynəlxalq koalisiyanın yaradılmasına çağırıb.
"Report"un "The National" nəşrinə istinadən verdiyi məlumata görə, o, bu barədə "Al Araby Al Jadeed" telekanalına müsahibəsində bildirib.
"Bab-ül-Məndəb boğazı Yəmənin ərazi sularında yerləşir və boğazda təhlükəsiz gəmiçiliyi təmin etmək üçün koalisiya yaratmaq lazımdır", - nəşr onun sözlərini sitat gətirib.
Nomanın sözlərinə görə, Qırmızı dəniz və Bab-ül-Məndəb boğazının təhlükəsizliyi təkcə Yəmənin deyil, həm də beynəlxalq ictimaiyyətin problemidir və birgə fəaliyyət tələb edir.
O qeyd edib ki, İranın dəstəklədiyi husilər hərəkatının dəniz gəmiçiliyini pozmaq təhdidləri, o cümlədən boğazdan keçən gəmilər üçün rüsumların tətbiq oluna biləcəyi barədə səsləndirilən bəyanatlar İranın Hörmüz boğazındakı yanaşmasını xatırladır.
XİN rəhbəri müavininin sözlərinə görə, husilər Bab-ül-Məndəb üzərində birbaşa nəzarət qurmaq üçün hərbi dəniz imkanlarına malik deyillər, lakin pilotsuz uçuş aparatları və raketlərin köməyi ilə gəmiçiliyə mane ola bilərlər.
"Onların dronları və raketləri hər iki istiqamətdə boğazdan keçid üçün təhlükə yarada bilər", - Noman vurğulayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi Bolqarıstanı ABŞ hərbi təyyarələrinin Bezmer aviabazasında müvəqqəti yerləşdirilməsi ilə bağlı qərarına yenidən baxmağa çağırıb.
"Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, İran XİN başçısı Bolqarıstanın xarici işlər naziri Velislava Petrova-Çamova ilə telefon danışığı zamanı bildirib ki, İrana qarşı əməliyyatları dəstəkləyən hərbi aviasiyanın yerləşdirilməsi üçün ABŞ-yə aviabazanın verilməsi bu əməliyyatlarda iştiraka bərabərdir.
Əraqçi vurğulayıb ki, belə bir addım qəbuledilməzdir və iki ölkə arasındakı ənənəvi dostluq münasibətlərinə ziddir.
Bundan başqa, iranlı nazir Kiprin XİN başçısı Konstantinos Kombosla telefon danışığı aparıb. O, İrana qarşı əməliyyatların aparılması üçün Kipr ərazisindəki xarici hərbi bazalardan istifadəyə yol verilməməsinin vacibliyini vurğulayıb.
Fələstinin HƏMAS hərəkatının tərk-silah edilməsi təşəbbüsü Qəzza zolağında yeraltı tunellərin və arsenalların ləğvini də nəzərdə tutur.
"Report"un "Al Hadath" telekanalına istinadən verdiyi məlumata görə, bunu anklavda vəziyyətin sabitləşməsi prosesinə nəzarət etmək üçün yaradılmış Sülh Şurasının nümayəndəsi bildirib.
Sənədə əsasən, razılaşmanın icra planı heç bir istisna olmadan bütün növ döyüş silahlarının - həm ağır, həm də yüngül silahların ləğvini nəzərdə tutur. Bundan başqa, yeraltı tunellərin, silah anbarlarının və silah istehsalı obyektlərinin məhv edilməsi planlaşdırılır.
Şuradan vurğulayıblar ki, proses başa çatdıqdan sonra HƏMAS Qəzza zolağında heç bir inzibati rola malik olmayacaq.
Qeyd olunur ki, zolağın idarəçiliyi "bir hakimiyyət, bir qanun və bir silah" prinsipinə uyğun olaraq geniş səlahiyyətlərə malik xüsusi komitəyə keçəcək.
Rusiyanın faktiki neft emalı müəssisələrinin 30 %-dən çoxu neft emalı zavodlarına Ukraynanın endirdiyi zərbələr nəticəsində sıradan çıxarılıb.
"Report"un "Financial Times"a istinadən verdiyi məlumata görə, nəşr "S&P Global Energy"nin məlumatlarının və Rusiya neft emalı zavodlarının peyk görüntülərinin təhlili əsasında bu nəticəyə gəlib.
Qəzetin məlumatına görə, Ukraynanın hücumları Rusiyada neft emalı üzrə faktiki müəssisələrin 30 %-dən, nominal güclərin isə 45 %-dən çoxunu sıradan çıxarıb.
İyulun 30-na keçən gecə Lüblin voyevodalığının ərazisinə daxil olan Rusiyanın "X-101" qanadlı raketi ölkənin içərilərinə doğru hərəkətini davam etdirsəydi, Polşanın hava hücumundan müdafiə sistemi onu vurmağa hazır idi.
Bu barədə "Report" Polşanın Baş naziri Donald Tuskun "X" sosial şəbəkəsindəki açıqlamasına istinadən məlumat verir.
"Əgər raket uçuşunu davam etdirsəydi, biz onu vurmağa hazır idik. Hər şey onun Rusiyanın "X-101" qanadlı raketi olduğunu göstərir", - baş nazir bildirib.
İranın İordaniya ərazisinə atılmış ballistik raketlərinin ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilməsindən sonra Vaşinqton sərt cavab verəcək.
Report xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News"a müsahibəsində bildirib.
"Biz onları sərt şəkildə vuracağıq", - ABŞ lideri qeyd edib.
D.Trampın sözlərinə görə, ABŞ hərbçilərinin qəfil hücuma reaksiya vermək üçün cəmi bir neçə dəqiqəsi olub. O qeyd edib ki, İran raketləri hədəflərinə çatmazdan əvvəl uğurla zərərsizləşdirilib.
ABŞ Prezidenti həmçinin bildirib ki, əməliyyatın videogörüntüsü ilə tanış olub.
Bundan əlavə, D.Tramp bəyan edib ki, ABŞ və Səudiyyə Ərəbistanının İraqda İranın dəstəklədiyi birləşmələrə endirdiyi gecə zərbələri rəsmi Bağdadla razılaşdırılıb.
ABŞ Prezidenti, bu birləşmələri "dünyanın bədənindəki xərçəng şişi" adlandırıb.
Qeyd edək ki, İordaniya Silahlı Qüvvələri, Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin bu gün səhər saatlarında İran tərəfindən buraxılan və ölkə ərazisinə hədəflənən beş ballistik raketi məhv etdiyini bildirib.
Ukrayna qışa qədər 300-ə yaxın "Patriot" raketi əldə etməyi gözləyir.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqton səfərindən sonra AXIOS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampla görüş zamanı "Patriot" sistemləri üçün ələkeçirici raketlərin istehsalına lisenziyaların alınması prosedurunun davam etdirilməsinə dair razılıq əldə olunub.
Ukrayna Prezidenti qeyd edib ki, hətta lisenziyalar alındığı təqdirdə belə, bu raketlərin kütləvi istehsalının qurulmasına bir ildən beş ilə qədər vaxt lazım olacaq: "Belə bir qrafik uyğun deyil. "Patriot"lar bizə hələ dünən lazım idi".
V.Zelenskinin sözlərinə görə, Tramp məsələnin həllinə kömək etməyə çalışacağına söz verib. O qeyd edib ki, lakin İranla münaqişədən sonra ABŞ-nin belə raketlərə yüksək tələbatı səbəbindən vəziyyət mürəkkəbləşir.
Ukrayna lideri həmçinin bildirib ki, Rusiya Ukraynaya hər irimiqyaslı hücum zamanı 30-40 ədəd ballistik raketdən istifadə edir və hər ay bu cür üç-beş hücum həyata keçirir.
Bundan əlavə, V.Zelenski bildirib ki, Ukrayna öz hərbi texnologiyalarını və təcrübəsini ABŞ ilə bölüşməyə hazırdır. Onun sözlərinə görə, ABŞ müdafiə şirkətləri ilə birlikdə Ukrayna ballistik raketlərinin modifikasiya edilməsi və onların "Patriot" raketlərinə bənzər xüsusiyyətlərə malik raket əleyhinə ələkeçiricilərə çevrilməsi imkanı da nəzərdən keçirilir.
"Bu, daha sürətli və daha ucuz olacaq", - Ukrayna Prezidenti qeyd edib.
Yaxın iki həftə ərzində ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər edə bilərlər.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Axios"a müsahibəsində bildirib.
Prezidentin sözlərinə görə, bu səfər onun bu yaxınlarda ABŞ Prezidenti Donald Trampla keçirilən görüşünün nəticələrindən biri olacaq. Əgər səfər baş tutarsa, bu, Kuşner və Uitkoffun Rusiyaya bir neçə səfərindən sonra Ukraynaya ilk səfəri olacaq.
V.Zelenski qeyd edib ki, amerikalı nümayəndələrlə Rusiya Federasiyası ilə sülh danışıqlarının bərpası ideyalarını ətraflı müzakirə etmək, həmçinin onlara Ukraynadakı vəziyyətlə şəxsən tanış olmaq imkanı yaratmaq niyyətindədir.
Prezidentin sözlərinə görə, Kuşner və Uitkoff diplomatik prosesə şərait yarada biləcək atəşkəs rejiminə nail olunmasının tərəfdarıdırlar. Bununla belə, Zelenski Rusiya Prezidenti Vladimir Putinin hərbi əməliyyatları dayandırmağa razı olacağına şübhə ilə yanaşdığını bildirib.
Eyni zamanda, Ukrayna lideri Kiyevin əvvəlki kimi Rusiya ilə sülh danışıqlarının bərpasında maraqlı olduğunu vurğulayıb.
Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların iki yeni klasterinin açılmasını bloklayıb.
"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Financial Times" (FT) məlumat yayıb.
Nəşrin məlumatına görə, Budapeşt Ukraynanın Aİ-nin vahid bazarına inteqrasiyasına, eləcə də iqtisadi və sosial siyasətin genişləndirilməsinə aid olan ikinci və üçüncü danışıqlar klasterlərinin açılmasını bloklayıb.
Qeyd olunub ki, altı danışıq klasterinin hər birində tərəflər namizəd ölkənin öz qanunvericiliyini Avropa İttifaqının normalarına necə uyğunlaşdıracağını müəyyən edirlər. Hər bir klaster üzrə danışıqlara başlamaq barədə qərar yekdilliklə qəbul edilir.
Bildirilib ki, prosesin irəliləməsi üçün Macarıstana münasibətdə "siyasi səylər" tələb olunacaq. Bundan əlavə, ölkə hakimiyyəti Ukraynanın Avropa İttifaqına sürətləndirilmiş şəkildə qəbul edilməsinin əleyhinə çıxış edir. Macarıstanlı nümayəndə "Financial Times"a bildirib ki, Ukraynaya münasibət Balkanlardakı namizəd ölkələrə nisbətən daha əlverişli olmamalıdır.
Aİ-yə daxil olmaq üzrə danışıqlar prosesi altı klasterdə birləşdirilmiş 33 bölməyə (fəslə) bölünür. Onların arasında - daxili bazar, rəqabətədavamlılıq və inklüziv inkişaf, "yaşıl gündəlik" və davamlı qarşılıqlı fəaliyyət, resurslar, kənd təsərrüfatı və həmrəylik, eləcə də xarici əlaqələr var.
İyunun ortalarında Avropa İttifaqı ölkələri Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların birinci klasterinin açılmasını təsdiqləyiblər.
İsrail Müdafiə Ordusu Livanda BMT-nin sülhməramlı missiyasının (UNIFIL) postundan təxminən 300 metr aralıda yerləşən "Hizbullah"ın yeraltı komanda mərkəzinin məhv edildiyini bildirib.
Bu barədə "Report" İsrail Müdafiə Ordusunun mətbuat xidmətinə istinadən xəbər verir.
Hərbçilərin məlumatına görə, Livanın cənubundakı bufer zonasında yerləşən Haddata kəndində keçirilən əməliyyatlar zamanı uzunluğu təxminən 55 metr olan yeraltı tunel aşkar edilib. Tunel üç otaqdan ibarət olub və "Hizbullah" qruplaşması tərəfindən komanda mərkəzi kimi istifadə edilib.
Bundan əlavə, hərbi qulluqçular tunellə birləşən və içərisində çoxlu sayda silah olan yeraltı şaxta da aşkar ediblər.
İsrail ordusundan bildirilib ki, bu həftə ordunun mühəndis bölmələri yeraltı obyekti məhv edib.
Azərbaycan və Yunanıstan iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də tələbə mübadiləsi proqramlarının həyata keçirilməsini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Yunanıstanın Azərbaycandakı səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, Yunanıstanın Azərbaycandakı səfiri Mariya Papakonstantinu Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevlə görüşüb.
Görüş zamanı tərəflər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf perspektivlərini, həmçinin tələbə mübadiləsi proqramlarının həyata keçirilməsini müzakirə ediblər.
"Bundan başqa, 2004-cü ildən Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Yunan Dili və Mədəniyyəti Mərkəzinin Yunanıstan və Azərbaycan arasında mədəni və təhsil əlaqələrinin daha da möhkəmləndirilməsində mühüm rolu vurğulanıb", - məlumatda bildirilib.
Ukrayna Müdafiə Qüvvələri iyulun 29-na keçən gecə müvəqqəti işğal olunmuş Krımda, Mejvodnoye yaxınlığında Rusiyanın Qara Dəniz Donanmasının sürət katerlərinin yerləşdiyi bazanı vurublar.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının teleqram kanalında məlumat yayılıb.
Qurumun məlumatına görə, obyektdən patrul xidməti, sahil mühafizəsi, logistika təminatı və Rusiya qoşunlarının maraqları naminə digər tapşırıqların yerinə yetirilməsinə cəlb olunan sürət katerlərinin texniki xidməti və təminatı üçün istifadə edilirdi.
Bundan əlavə, Ukrayna qüvvələri Rusiyanın Ryazan vilayətindəki "Ryazan" neft emalı zavoduna (NEZ) zərbə endirildiyini təsdiqləyib. Baş Qərargahdan bildirilib ki, obyektin vurulub və ardınca yanğın baş verib.
Qeyd olunub ki, Ryazan NEZ ildə təxminən 17 milyon ton neft emalı gücü ilə Rusiyanın ən böyük neft emalı müəssisələrindən biridir. Müəssisə avtomobil benzinləri, dizel və aviasiya yanacağı və digər məhsullar istehsal edir.
Baş Qərargahın məlumatına görə, Rusiyanın Bryansk vilayətinin Poçep rayonu ərazisində Rusiyanın radiolokasiya stansiyası da vurulub.
"Bundan əlavə, Ukrayna hərbçiləri Donetskdə zərbə PUA-larının saxlanc, hazırlıq və buraxılış yerini, Portovskoyedə maddi-texniki təminat anbarını və Donetsk vilayətində düşmənin hərbi logistika üçün istifadə etdiyi avtomobil körpüsünü vurublar", – qurumdan bildirilib.
Ukraynanın Energetika Nazirliyi Azərbaycanın "Ukrayna Dəmir Yolları"nın işini dəstəkləmək üçün 40 tona yaxın avadanlıq təhvil verdiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, avadanlıq ukraynalı dəmiryolçuların işinə dəstək olmaq və kritik infrastrukturun fəaliyyətini təmin etmək məqsədilə Energetika Nazirliyinin enerji habı vasitəsilə dəmir yolunun regional bölmələrindən birinə çatdırılıb.
"Demək olar ki, hər gün hab vasitəsilə Ukraynanın müxtəlif regionlarına yeni avadanlıq göndərilir. O, Rusiyanın daimi hücum təhlükəsi şəraitində həm enerji sektorunun, həm də digər kritik infrastruktur obyektlərinin fasiləsiz işini təmin etməyə kömək edir", - məlumatda bildirilib.
Nazirlik Ukraynaya göstərdiyi dəstəyə və kritik infrastrukturun möhkəmləndirilməsindəki yardımına görə Azərbaycana minnətdarlığını bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın müharibədə qələbə qazana biləcəyinə ABŞ-ni inandıra bildiyini bəyan edib.
"Report" xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Trampla görüşdən sonra Zelenski Vaşinqtonu yüksək əhvali-ruhiyyədə tərk edib. ABŞ Senatının Rusiya neftini alan ölkələrə qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə qanun layihəsini təsdiqləməsi Ukrayna tərəfi üçün əlavə uğur olub.
Senator Mayk Raundz bildirib ki, yeni məhdudiyyətlər Rusiyaya təzyiqi artırmaq və Prezident Vladimir Putini danışıqlara sövq etmək məqsədi daşıyır.
Qeyd edilib ki, Zelenski özü sanksiyaların Ukraynanın döyüş meydanındakı uğurlarını möhkəmləndirməyə və sülh danışıqlarını yaxınlaşdırmağa kömək edəcəyini vurğulayıb, eyni zamanda o, tərəfdaşları yenidən əsas silah sistemlərinin tədarükünü genişləndirməyə çağırıb.
"Politico" həmçinin qeyd edir ki, ABŞ siyasi isteblişmentində Ukraynanın müharibədə uğur qazana biləcəyi barədə fikirlər güclənir. Senator Con Buzmanın sözlərinə görə, əhvali-ruhiyyənin dəyişməsi Ukrayna qüvvələrinin cəbhədəki son uğurları ilə bağlıdır.
"Hazırda Tramp və Zelenski arasındakı münasibətlər bir il əvvəlkindən əhəmiyyətli dərəcədə fərqlənir", - Tramp administrasiyasının keçmiş məmuru bildirib.
Nəşr həmçinin 2025-ci illə müqayisədə Zelenski və Tramp arasındakı münasibətlərin dəyişməsinə, eləcə də mühafizəkar MAGA hərəkatının bəzi nümayəndələri tərəfindən Ukraynaya artan dəstəyə diqqət çəkib.
Keniyanın Mandera dairəsində patrul avtomobilinin əldəqayırma partlayıcı qurğuya düşərək partlaması nəticəsində təhlükəsizlik qüvvələrinin azı beş əməkdaşı həlak olub.
"Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Planlı reyd zamanı patrul avtomobili əsas təchizat marşrutu boyu yerləşdirilmiş əldəqayırma partlayıcı qurğuya düşərək partlayıb. Maşın tamamilə darmadağın olub, onun daxilindəki beş təhlükəsizlik əməkdaşı hadisə yerindəcə ölüb.
Partlayışdan sonra xüsusi təyinatlı bölmənin döyüşçüləri ilə ehtimal edilən hücumçular arasında atışma baş verib, lakin yaraqlılar qaça biliblər. Onları təqib etmək üçün bölgəyə əlavə qüvvələr göndərilib.
Toqquşma zamanı yaralanan bir neçə təhlükəsizlik qüvvələri əməkdaşı Nayrobiyə aparılıb.
Hələ ki, heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Rusiyanın Ryazan şəhəri iyulun 29-u səhər saatlarında pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Bu barədə "Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir.
"Wildberries" marketpleysinin logistika mərkəzi və yerli neft emalı zavodu (NEZ) zərbə altında qalıb.
Məlumata görə, Ryazanda həyəcan siqnalı yerli vaxtla saat 04:30 radələrində səslənib. Bunun ardınca yerli sakinlər çoxlu sayda pilotsuz uçuş aparatları, partlayış səsləri və yanğınlar barədə məlumat veriblər.
"Ryazanskiy" sənaye parkının ərazisində yerləşən "Wildberries" anbarında yanğın baş verib. Daha sonra şirkət "Ryazan: Tyuşevskaya" çeşidləmə kompleksinə girişin müvəqqəti məhdudlaşdırıldığını təsdiqləyib.
Ryazan vilayətinin qubernatoru Pavel Malkov şəhərin sənaye obyektlərində yanğınların baş verdiyini təsdiqləyib.
Azərbaycan və Yunanıstan ikitərəfli münasibətlərin inkişafı üçün müntəzəm birbaşa hava əlaqəsinin genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Yunanıstanın Azərbaycandakı səfirliyinin feysbuk sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.
Məlumata görə, bununla bağlı müzakirələr Yunanıstanın Bakıdakı səfiri Mariya Papakonstantinu ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev arasında görüşdə aparılıb.
Bundan başqa, tərəflər artıq ardıcıl olaraq ikinci ildir ki, həyata keçirilən Bakı–İraklion birbaşa aviareysinin saxlanılmasının vacibliyini vurğulayıblar.
Qeyd edilib ki, iki ölkə arasında müntəzəm birbaşa hava əlaqəsinin işə düşməsi turizm, iqtisadi və humanitar əlaqələrin möhkəmləndirilməsi yolunda mühüm addım olacaq.
Ukraynanın FP-1 pilotsuz uçuş aparatları Koledinoda (Moskva vilayəti) Rusiyanın iri şirkətlərinin yüklərinin saxlanması və paylanması üçün istifadə olunan 3PL logistika operatorunun anbarını vurub.
"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə "Fire Point" məlumat yayıb.
Qeyd edilib ki, obyekt iri Rusiya şirkətləri və marketpleysləri üçün malların saxlanmasını, çeşidlənməsini və paylanmasını təmin edən mühüm logistika qovşağıdır.
"Bu cür zərbələr logistika zəncirlərinin işini pozaraq və iri Rusiya şirkətlərinə ziyan vuraraq ölkənin iqtisadi potensialını zəiflədir", - məlumatda bildirilib.
Ukraynanın Müdafiə Qüvvələri Rusiya ərazisində və Ukraynanın işğal olunmuş regionlarında bir sıra hərbi obyektləri vurub.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı teleqram kanalında məlumat yayıb.
Məlumata görə, zərbələr Rusiyanın hərbi-iqtisadi potensialının azaldılması üzrə tədbirlər çərçivəsində iyulun 27-də və 28-nə keçən gecə endirilib.
Xüsusən də, işğal olunmuş Krımda İçki yaşayış məntəqəsi ərazisində maddi-texniki təminat anbarının və yanacaq-sürtkü materialları anbarının, həmçinin Ukraynanın Luqansk vilayətinin Krasnopopovka bölgəsində pilotsuz uçuş aparatları anbarının vurulduğu bildirilib.
Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Udmurtiya Respublikasının Borok qəsəbəsində federal dövlət müəssisəsi - "Prioritet" kombinatının vurulduğunu bəyan edib. Ukrayna hərbçilərinin məlumatına görə, müəssisənin ərazisində yanğın qeydə alınıb.
Qeyd olunub ki, "Prioritet" kombinatı "Rosrezerv" sisteminə daxildir və yanacaq, neft məhsulları və yanacaq-sürtkü materialları ehtiyatlarının uzunmüddətli saxlanılması üçün nəzərdə tutulmuş qapalı tipli strateji obyektdir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, obyekt Ukraynanın dövlət sərhədindən 1 300 kilometrdən çox məsafədə yerləşir.
Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın Vladimir vilayətindəki "Transneft-Verxnyaya Volqa" SC-nin "Vtorovo" neft stansiyasına pilotsuz uçuş aparatları (PUA) ilə təkrar zərbə endirildiyini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna mediası Təhlükəsizlik Xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, bu, cari ay ərzində obyektə endirilən artıq ikinci zərbədir. Mənbələrin məlumatına əsasən, stansiya "Transneft-Verxnyaya Volqa" SC-nin strukturuna daxildir və açıq neft məhsullarının ixrac limanlarına və daxili istehlakçılara, o cümlədən Moskva istiqamətində nəqlini təmin edən əsas logistika qovşaqlarından biridir.
Həmçinin qeyd edilib ki, onun vasitəsilə dizel yanacağının Moskva dairəvi neft məhsulları boru kəmərinə, oradan isə Moskva ətrafındakı iri neft bazalarına nəqli həyata keçirilir. Eləcə də, stansiya neft məhsullarının Baltik dənizi limanları vasitəsilə ixracını təmin edir.
İlkin məlumatlara görə, Ukrayna PUA-ları neft stansiyasının texniki binalarını vurub, bundan sonra partlayış baş verib.
Qeyd olunur ki, "Vtorovo" stansiyasına əvvəlki hücum iyunun 10-da edilib.
ABŞ gələn ilin əvvəlində Prezident Donald Trampın Hindistana səfərinin təşkil olunması üzərində işləyir.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Hindistanın IANS Agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Vaşinqton Trampın səfərini ABŞ və Hindistan arasında ikitərəfli ticarət sazişinin hazırlanması fonunda təşkil etməyi nəzərdə tutur.
"Prezidentin gələn ilin əvvəlində səfər edə bilməsi üçün işləyirik", - Rubio deyib və səfərə hazırlıq məqsədilə özünün elə bu il Hindistana yollana biləcəyini qeyd edib.
Dövlət katibi, həmçinin bildirib ki, tərəflər ticarət sazişi üzrə danışıqların yekun mərhələsindədirlər.
"Biz Hindistanla ticarət sazişi bağlayacağımıza ümid edirik. Onun icrasının son mərhələsindəyik və bu, çox müsbət haldır", - Rubio qeyd edib.
Rusiya Ukraynanın Zaporojye, Xerson və Sumı vilayətlərinə zərbələr endirib, nəticədə 32 nəfər yaralanıb.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, Zaporojyedə ikisi uşaq olmaqla 9 nəfər yaralanıb.
"Aviazərbələr nəticəsində çoxmənzilli yaşayış binası qismən dağılıb, xilasedicilər onun dağıntıları altından iki nəfəri çıxarıblar. Daha bir zərbə təhsil müəssisəsinin ərazisinə düşüb. Həmçinin qonşu yaşayış binalarına, şəxsi əmlaka və avtomobillərə də ziyan dəyib", - məlumatda bildirilib.
Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, regionun Rusiya tərəfindən atəşə tutulması nəticəsində 13 nəfər yaralanıb.
Bundan əlavə, Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorovun sözlərinə görə, Rusiya qoşunları şənbə gününə keçən gecə vilayətin rayonlarından birinə pilotsuz uçuş aparatları ilə kütləvi hücum ediblər. Zərbə nəticəsində 10 dinc sakin yaralanıb.
Moskva ətrafındakı Solneçnoqorskda ad gününün qeyd edilməsi zamanı kütləvi zəhərlənmə nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə xəstəxanaya yerləşdirilib.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə iyunun 27-nə keçən gecə Bakeyevo kottec şəhərciyindəki fərdi evdə baş verib.
İlkin məlumatlara görə, səkkiz nəfərdə zəhərlənmə əlamətləri aşkarlanıb. 25 və 26 yaşlı iki kişi təcili yardım briqadası gələnə qədər vəfat edib.
Ziyafətin digər iştirakçıları "naməlum maddənin oral qəbulu nəticəsində kəskin zəhərlənmə" diaqnozu ilə təcili olaraq tibb müəssisələrinə çatdırılıblar. Mövcud məlumata görə, onlardan üçünün vəziyyəti ağırdır.
Zəhərlənmənin səbəbləri və baş vermiş hadisənin bütün təfərrüatları müəyyənləşdirilir.
Rusiya qoşunları iyunun 27-nə keçən gecə Ukraynanın Zaporojye və Xarkov vilayətlərindəki yanacaqdoldurma məntəqələrinə (YDM) zərbələr endirib.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, Zaporojyedə zərbə nəticəsində qaz çəni və YDM-nin inzibati binası yanıb.
Xarkov vilayətində Xarkov rayonunun Solonitsevka icmasındakı iki YDM atəşə tutulub. Həmin məntəqələrin birində bina dağılıb, təxminən 400 kv. metr sahədə yanğın baş verib və 10 ədəd texnika zərər görüb.
Digər məntəqədə hücum nəticəsində YDM-nin operator binası zədələnib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri (HDQ) Qara dəniz akvatoriyasında Rusiya katerinin vurulduğunu bildirib.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə HDQ-nin teleqram kanalındakı məlumatında bildirilib.
"Ukrayna Silahlı Qüvvələrinin HDQ-si düşməni məhv etməyə davam edir. Bu dəfə Rusiyanın Tendra dilinə logistik təminatı həyata keçirməyə çalışan kater məhv edilib. Vurulmuş hər bir kater Ukrayna ərazi sularınınazad edilməsinə doğru daha bir addımdır", – məlumatda qeyd olunub.
Ukrayna iyunun 27-nə keçən gecə Rusiyanın Volqoqrad şəhərindəki "Titan-Barrikadı" zavoduna hücum edib.
"Report" UNIAN-a istinadən xəbər verir ki, hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib.
Məlumata görə, "Titan-Barrikadı" zavodu "İskəndər-M", "Topol-M" və "Yars" raket kompleksləri istehsal edən Rusiya hərbi-sənaye kompleksinin əsas müəssisələrindən biri hesab olunur.
Nəşr qeyd edib ki, hücum zamanı Ukraynanın uzaqmənzilli "Flaminqo" qanadlı raketlərindən istifadə etdiyi ehtimal olunur.
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov təsdiqləyib ki, raket hücumu nəticəsində Volqoqradın Krasnooktyabrski rayonundakı müəssisələrdən birinin istehsal obyektləri zədələnib.
"Hazırda 10 nəfərin xəsarət aldığı məlumdur", - o bildirib.
ABŞ və İran arasında potensial razılaşma Vaşinqtonun 24 milyard dollar məbləğindəki İran aktivlərini blokdan çıxarması halında mümkündür.
"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bunu İranın ali rəhbərinin müşaviri Möhsün Rezai bildirib.
Onun sözlərinə görə, tərəflər arasında danışıqlar dalana dirənib və sonrakı irəliləyiş ABŞ Prezidenti Donald Tramp administrasiyasından asılıdır.
"Danışıqlar dalana dirənib və Tramp bu dalanı aşmalıdır", - Rezai bildirib.
O vurğulayıb ki, 24 milyard dollarlıq İran aktivlərinin blokdan çıxarılması tərəflər arasında etimadın bərpası üçün mühüm addım ola bilər.
"Əgər Tramp İranla razılaşma əldə etmək istəyirsə, o zaman bu 24 milyard dollar etimad sınağıdır. Bu, ABŞ-nin keçməli olduğu sınaqdır və o zaman razılaşmaya gedən yol açılacaq", - müşavir qeyd edib.
Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenskinin açıq məktubu ilə tanış olduğunu bildirib.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında bildirib.
"Mətbuat katibi Dmitri Peskov mənə bu məktubu hələ dünən göstərmişdi. Lakin bizim Özbəkistan Prezidenti ilə işgüzar görüşümüz, işgüzar şam yeməyimiz var idi. Düzünü desəm, baxmağa macal tapmadım. Bu gün səhər Peskov yenə kağızı mənə uzatdı. Mən ona ötəri baxdım", - deyə Putin danışıb.
O həmçinin qeyd edib ki, Moskva və Kiyev münaqişənin nizamlanması üzrə əsas məsələləri öz aralarında həll etməlidirlər, digər ölkələr isə qarant kimi çıxış edə bilərlər.
"Təbii ki, əsas məsələləri Rusiya və Ukrayna öz aralarında həll etməlidir. İstər ABŞ-dəkı, istərsə də dünyanın digər regionlarındakı həmkarlarımız şərait yarada və qarant kimi çıxış edə bilərlər. Biz bundan çıxış edirik", - o bildirib.
Qeyd edək ki, iyunun 4-də Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinə şəxsi görüş və danışıqlar müddətində atəşkəs təklifi ilə açıq məktub yazıb.
Ermənistan yaxın vaxtlarda Rusiya ilə ticari-iqtisadi münasibətlərdə yaranmış məsələləri, o cümlədən Ermənistan mallarının Rusiya bazarlarına ixracı ilə bağlı məsələləri tənzimləməyə ümid edir.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
Onun sözlərinə görə, İrəvan Rusiya tərəfi ilə daim dialoqdadır və mövcud problemlərin yaxın vaxtlarda həll olunacağını hesab edir.
Kostanyan həmçinin xatırladıb ki, Avropa İttifaqı (Aİ) iqtisadiyyatın şaxələndirilməsini və ixrac potensialının inkişafını dəstəkləmək üçün Ermənistana 52 milyon avro ayırıb, buna görə də vəsait məhz buna yönəldiləcək və onlar Rusiya tərəfi ilə məsələlərin tənzimlənməsinə ümid edirlər.
"Birincisi, Ermənistan tərəfi [Rusiya ilə münasibətlərdə – red.] gərginliyin olduğunu hesab etmir. İkincisi, rusiyalı tərəfdaşlarımızla münasibətlərdə gərginlik yaratmaq tendensiyası yoxdur. Və üçüncüsü, biz artıq bildirmişik ki, Ermənistan məsələni "Avrasiya İqtisadi İttifaqı (Aİİ) və ya Avropa İttifaqı" formatında qoymur", - o bildirib.
Kostanyanın sözlərinə görə, Ermənistan eyni zamanda Aİ ilə yaxınlaşmağa yönəlmiş islahatlar həyata keçirərək, Aİİ-nin üzvü olaraq qalmağa davam edir.
ABŞ mayeləşdirilmiş neft qazının (LPG) tədarükü ilə əlaqəli bir sıra şirkətləri, fiziki şəxsləri və gəmiləri sanksiyalar siyahısına daxil edərək İrana qarşı yeni məhdudiyyətlər tətbiq edib.
"Report" ABŞ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, sanksiyalar Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən tətbiq edilib.
"OFAC Oman LPG adı altında gizlədilərək Cənubi və Şərqi Asiyadakı son istehlakçılara yüz milyonlarla dollar dəyərində İran mənşəli LPG daşınmasına cavabdeh olan şəxslər, təşkilatlar və gəmilər şəbəkəsini sanksiyalar siyahısına daxil edir", - məlumatda bildirilib.
ABŞ Maliyyə Nazirliyindən vurğulanıb ki, bu tədbirlər öz əməliyyatlarını gizlətmək üçün kommersiya infrastrukturundan istifadə edərək İrana maliyyə dəstəyi təmin edən şəxslərin və təşkilatların fəaliyyətinin qarşısını almağa yönəlib.
ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton Tehrana qarşı təzyiqi gücləndirməyə davam edəcək.
""İqtisadi qəzəb" proqramı çərçivəsində Maliyyə Nazirliyi İranın kölgə donanmasını, kölgə bank şəbəkələrini məhv etməyə və onun dünya ticarətinə çıxışını məhdudlaşdırmağa davam edəcək", - Bessent qeyd edib.
Livan Prezidenti Cozef Aun İranın ünvanına kəskin tənqidlə çıxış edərək, həmin ölkəni ABŞ ilə danışıqlarda Livandan alət kimi istifadə etməkdə günahlandırıb.
Bu barədə "Report" "Reuters" agentliyinə istinadən xəbər verir.
Onun sözlərinə görə, ölkə vətəndaşları İranın regional maraqlarının bədəlini ödəmək məcburiyyətində qalırlar, Livanın özü isə Tehranla Vaşinqton arasındakı münasibətlərdə "sövdələşmə vasitəsi"nə çevrilir.
"Onlar Birləşmiş Ştatlarla danışıqlarda Livandan sövdələşmə vasitəsi kimi istifadə edirlər. Bu, qəbuledilməzdir", - Aun vurğulayıb.
Prezident həmçinin İsrail və radikal "Hizbullah" hərəkatı arasında davam edən qarşıdurmadan narazılığını bildirib.
ABŞ Silahlı Qüvvələrinin Hind okeanındakı komandanlığı sanksiya altında olan "Davina" neft gəmisini saxlayıb.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə komandanlığın "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.
Məlumata görə, gəmi rəsmi olaraq heç bir dövlətin qeydiyyatında deyil.
ABŞ tərəfi bəyan edib ki, qanunsuz şəbəkələrin fəaliyyətinin qarşısını almaq və İrana maddi dəstək göstərən gəmiləri ələ keçirmək üçün dəniz patrulunu davam etdirəcək.
"Beynəlxalq su yolları sanksiya altında olan subyektlərin fəaliyyətini ört-basdır etmək üçün istifadə edilə bilməz", - qurumdan vurğulanıb.
"Lenor" adı ilə də tanınan "Davina" supertankeri iki milyon barelə qədər xam neft daşımaq imkanına malikdir. Gəmilərin izlənməsi sistemlərinin məlumatlarına görə, 2024-cü ilin oktyabrında o, İran neftinin daşınması üçün istifadə edilib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus 518 milyon dollar dəyərində Ebola qızdırması ilə mübarizə üzrə altı aylıq planın işə salındığını elan edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, təşəbbüs Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri ilə birgə həyata keçirilir və iyun ayından noyabr ayınadək olan dövrü əhatə edir.
ÜST rəhbərinin sözlərinə görə, yeni plan səhiyyə sahəsində baş vermiş son fövqəladə halların təcrübəsinə əsaslanır: "Biz sıfırdan başlamırıq. Bu plan əvvəlki xəstəliklərin və səhiyyə sahəsində baş vermiş son fövqəladə halların təcrübəsinə əsaslanır".
O xəstəliyin yayılmasının qarşısını almağın mümkünlüyünə əminliyini ifadə edərək, epidemiya ilə mübarizə üçün siyasi sadiqlik, sabit maliyyələşmə və yerli icmalarla fəal qarşılıqlı əlaqənin zəruri olduğunu vurğulayıb.
Rusiya və Ukrayna "185-in 185-ə" formulu ilə əsir mübadiləsi həyata keçirib.
"Report" RBK-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya və Ukrayna arasında əvvəlki əsir mübadiləsi 2026-cı il mayın 15-də baş tutub. O zaman Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə tərəflər bir-birinə 205 hərbi qulluqçu təhvil veriblər.
Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev Azərbaycan milli komandasını minifutbol üzrə Avropa çempionatında qazandığı qələbə münasibətilə təbrik edib.
"Report"un məlumatına görə, diplomat bu barədə "X" sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, Azərbaycan millisi finalda Ukrayna komandasını məğlub edərək ikinci dəfə Avropa çempionu olub.
"Komanda bütün turnir boyu yüksək səviyyəli oyun nümayiş etdirib və bu uğura tam layiq olub", - səfir vurğulayıb.
O, həmçinin Azərbaycan Minifutbol Federasiyasını və onun prezidenti Orxan Məmmədovu, eləcə də Slovakiyada yaşayan azərbaycanlıları təbrik edərək, milli komandaya göstərdikləri fəal dəstəyə görə onlara təşəkkür edib.
Səfir Azərbaycan millisinə və Minifutbol Federasiyasına yeni qələbələr və nailiyyətlər arzulayıb.
Küveyt Daxili İşlər Nazirliyi (DİN) İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli dörd yaraqlının həbs edilməsi barədə məlumat yayıb.
"Report" "Al Arabiya"ya istinadən xəbər verir ki, bu barədə "KUNA" dövlət informasiya agentliyi məlumat yayıb.
DİN-in məlumatına görə, qrup dəniz yolu ilə ölkəyə daxil olmağa cəhd edib. Yaraqlılarla toqquşma zamanı Küveyt Silahlı Qüvvələrinin bir hərbçisi yaralanıb.
Pakistanın şimal-qərbindəki Lakki-Marvat şəhərində bazarda baş verən partlayış nəticəsində yeddi nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi yüksək rütbəli polis əməkdaşına istinadən məlumat yayıb.
"Lakki-Marvatda bazarda baş verən partlayış nəticəsində ikisi polis əməkdaşı və beşi mülki şəxs olmaqla yeddi nəfər həlak olub" - məlumatda qeyd edilib.
Pakistan Xarici İşlər Nazirliyi (XİN) "CBS News"un İran təyyarələrinin Nur-Xan aviabazasında yerləşdirilməsi barədə dərc etdiyi məlumatı təkzib edərək, onu "yanlış" və "sensasiyalı" adlandırıb.
Bu barədə "Report" Pakistan XİN-in bəyanatına istinadən xəbər verir.
Bildirilib ki, bu cür bəyanatlar regionda sülhün və sabitliyin təmin edilməsi üzrə səyləri pozmağa yönəlib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov bu gün ABŞ Prezidentinin nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.
"Report" xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib ki, bu görüşlərdə xüsusilə əsirlərin azad edilməsi, diplomatik prosesin aktivləşdirilməsi və təhlükəsizlik sahəsində bir sıra məsələlər müzakirə olunacaq.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ-nin xüsusi elçisi Stiv Uitkoffla görüşmək üçün Mayamiyə yola düşüb.
"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidentinin kommunikasiyalar üzrə müşaviri Dmitri Litvin bildirib.
"Bəli, yola düşüb və artıq Ukrayna Prezidenti Volodimir Zelenskiyə məruzə edilib, tezliklə bu barədə məlumat olacaq", – D.Litvin qeyd edib.
Dağıstanın Kaspiysk şəhərində yanacaqdoldurma məntəqəsi (YDM) yaxınlığındakı avtoservisdə baş verən yanğın lokallaşdırılıb.
Bu barədə "Report" Rusiya mediasına istinadən xəbər verir.
Dağıstan FHN-in məlumatına görə, yanğın yanacaqdoldurma məntəqəsinin yanındakı avtoservisin ərazisində alışan avtomobildən başlayıb.
Xilasedicilər alovun yanacaqdoldurma məntəqəsinə yayılmasına imkan verməyib, propanla dolu avtosisternin partlamasının və alovun qonşu binalara keçməsinin qarşısını ala biliblər.
Yaşayış evləri üçün təhlükə yoxdur.
Prokurorluq yoxlama aparır.
Dağıstanın Kaspiysk şəhərinin mərkəzində böyük yanğın hadisəsi baş verib.
Bu barədə "Report" yerli mediaya istinadən xəbər verir.
Məlumata görə, yanğın şəhərin yaşayış sektorunda yanacaqdoldurma stansiyasının yaxınlığındakı binada baş verib. İlkin məlumata əsasən, hadisə zamanı YDM-də avtomobilə qaz doldurulurdu.
Sosial şəbəkələrdə yayılan kadrlarda ərazidən güclü alov və qatı tüstünün qalxdığı görünür.
Fövqəladə hallar üzrə təcili xidmətlərin əməkdaşları hadisə yerindədir.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna hərbçilərinin Rusiyanın ərazisindəki hərbi sənaye ilə bağlı obyektlərə uzaqmənzilli zərbələr endirməyə davam etdiyini bildirib.
"Report" xəbər verir ki, Ukrayna lideri bu barədə sosial şəbəkələrdə yazıb.
"Bu gün Ukraynanın uzaqmənzilli sanksiyaları yenə Permdədir: bu, bizim sərhədimizdən 1 500 kilometrdən çox məsafədədir. Bu yaxınlarda Çelyabinskdə də mühüm nəticələr olub – 1 800 kilometrə qədər, həmçinin Yekaterinburqda - təxminən 2 min kilometr", - o qeyd edib.
Zelenskinin sözlərinə görə, Ukraynanın uzaqmənzilli zərbələrinin nəticələri həmçinin Novorossiysk, Krımsk, Tuapse, Samara və Nijni Novqorod vilayətlərində də hiss olunub.
İsrailin Baş naziri Benyamin Netanyahu mayın 6-da hərbi-siyasi kabinetin iclası başa çatdıqdan sonra ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Məlumata görə, kabinetin iclası və liderlər arasında danışıqlar ABŞ ilə İran arasında müharibənin dayandırılması haqqında razılaşmaya dair danışıqlarda irəliləyişin əldə olunması barədə xəbərlər fonunda keçirilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla mümkün sazişin bağlanması ilə bağlı nikbinliyini ifadə edərək, gələn həftə Çinə səfərindən əvvəl razılaşmanın əldə oluna biləcəyini bildirib.
Ukrayna Rusiyanın ən böyük neft emalı zavodlarından (NEZ) biri olan Permdəki "Lukoyl-Permnefteorgsintez"ə (PNOS) səkkiz gün ərzində ikinci dəfə pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.
"Report" "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Perm diyarının qubernatoru Dmitri Maxonin bildirib.
"Bu gün Perm diyarının sənaye meydançalarından birinə Ukrayna pilotsuz uçuş aparatı ilə hücum edilib. İşçilər təhlükəsiz ərazidədir. Xəsarət alanlar və ciddi dağıntılar yoxdur. Sakinlərin həyatı və sağlamlığı üçün heç bir təhlükə yoxdur", - onun bəyanatında bildirilib.
Qubernator qeyd edib ki, kimyəvi təhlükə yoxdur və əlavə edib ki, regionda "PUA təhlükəsi və "Kover" rejimi" qüvvədə qalır.
"Lukoyl-Permnefteorgsintez" (PNOS) - Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. "Lukoyl" qrupuna daxil olan müəssisə ildə 13 milyon tondan çox neft, o cümlədən benzin, dizel yanacağı, aviasiya kerosini və sürtkü yağları emal edir.
Fransanın xarici işlər naziri Jan-Noel Barro Hörmüz boğazının blokadada qaldığı müddətdə İrana qarşı beynəlxalq sanksiyaların yumşaldılması ehtimalını istisna edib.
"Report" "Al Arabiya"ya istinadən xəbər verir ki, nazir bunu Fransanın RTL radiostansiyasının efirində bildirib.
Macarıstan 2026-cı il martın 6-da gecə ölkənin xüsusi xidmət orqanları tərəfindən müsadirə edilmiş Ukraynanın "Oşadbank"ının vəsaitlərini qaytarıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə məlumat verib.
"Macarıstanla münasibətlərdə mühüm addım: bu gün "Oşadbank"ın vəsaitləri və qiymətliləri qaytarılıb. İnkassatorları biz daha əvvəl qaytarmışdıq, indi isə artıq vəsaitlər və qiymətlilər tam həcmdə Ukrayna ərazisindədir", - Zelenski qeyd edib.
Ukrayna Prezidenti həmçinin Macarıstan tərəfinə "konstruktiv və sivilizasiyalı addıma görə" təşəkkür edib.
Qeyd edək ki, 2026-cı il martın 5-də Macarıstanda 40 milyon dollar, 35 milyon avro və 9 kq qızıl daşıyan Ukraynanın "Oşadbank"ına məxsus iki inkassator avtomobili saxlanılıb.
Macarıstanın XİN rəhbəri Peter Siyarto o zaman müsadirə edilmiş vəsaitlərin guya "Ukrayna hərbi mafiyasına" məxsus ola biləcəyini bəyan etmiş və Ukrayna tərəfindən rəsmi izahat tələb etmişdi.
Sonradan Kiyev yeddi inkassatoru azad etməyə nail olub.
Norveç hökuməti ABŞ silahlarının satın alınması mexanizmi olan PURL (Prioritised Ukraine Requirements List) vasitəsilə Ukraynaya 2,8 milyard kron (təxminən 174,4 milyon dollar) ayırdığını elan edib.
"Report" xəbər verir ki, bu barədə Norveç hökuməti məlumat yayıb.
Norveç Nazirlər Kabinetinin başçısı Jonas Qar Störe bildirib ki, Norveç Avropadakı tərəfdaşları ilə birlikdə Ukraynanın müdafiəsinə dəstək üçün ABŞ-nin hərbi yardım paketlərini maliyyələşdirir.
"İndi biz daha bir mühüm yardım paketini dəstəkləyirik. Ümid edirəm ki, daha çox Avropa ölkəsi son dərəcə vacib hərbi avadanlıqların Ukraynaya sürətli çatdırılması səylərinə qoşulacaq", - o qeyd edib.
Yeni yardım məbləği nəzərə alınmaqla Norveçin PURL mexanizmi vasitəsilə ayırdığı vəsaitlərin ümumi həcmi 12,5 milyard kronu ötüb.
Vəsaitin ayrılması barədə qərar bu gün səhər Ukraynanın müdafiə naziri Mixail Fyodorovun Norveçə səfəri ilə əlaqədar elan edilib.
Qırğızıstan Azərbaycan hökumətindən səfirliyin yeni binasının tikintisi üçün torpaq sahəsinin ayrılmasını gözləyir.
Bunu "Report"a açıqlamasında Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov deyib.
Diplomat qeyd edib ki, layihənin həyata keçirilməsi Azərbaycan tərəfinin qərarından asılıdır. O, Qırğızıstanın prosesin tezləşdirilməsində maraqlı olduğunu vurğulayıb.
"Qırğızıstan tərəfi layihənin tezliklə həyata keçirilməsində maraqlıdır", - Mamıtkanov qeyd edib.
Azərbaycan su təhlükəsizliyi sahəsindəki vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilib.
"Report"un məlumatına görə, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin rəisi Riad Axundzadə "Dayanıqlı inkişaf üçün su" Beynəlxalq Onillik Fəaliyyətə (2018–2028) dair IV Yüksək Səviyyəli Beynəlxalq Konfransa hazırlığa həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, ölkəmiz artıq son dərəcə yüksək su riskləri olan ölkələr sırasında deyil, lakin ölkədə ehtiyatların idarə edilməsi sisteminin islahatı hələ də başlanğıc mərhələsindədir.
Şöbə rəisi bildirib ki, hələ bir neçə il əvvəl Azərbaycan, bir çox digər ölkələr kimi su ehtiyatlarının idarə edilməsində ciddi çətinliklərlə üzləşirdi: "Aparılan islahatlar sayəsində Azərbaycanda vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb".
R.Axundzadə vurğulayıb ki, son illər ərzində ölkə su sektorunun idarə edilməsinə yanaşmasını həm institusional, həm infrastruktur, həm də idarəetmə baxımından dəyişib.
Azərbaycan şirin su qıtlığının artmasından narahatdır və su resursları problemini həm region, həm də bütövlükdə dünya üçün əsas çağırışlardan biri hesab edir.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Dayanıqlı inkişaf üçün su" Beynəlxalq Onillik Fəaliyyətə (2018–2028) dair IV Yüksək Səviyyəli Beynəlxalq Konfransa hazırlığa həsr olunmuş brifinqdə bildirib.
"Azərbaycan şirin su təminatı ilə bağlı mövcud vəziyyətdən ciddi şəkildə narahatdır. Problem Azərbaycan da daxil olmaqla bütün region üçün aktual olaraq qalır və ümumilikdə qlobal səviyyədə, o cümlədən Mərkəzi Asiyada getdikcə daha kəskin xarakter alır", - F.Şəfiyev qeyd edib.
Onun sözlərinə görə, Qarabağ regionunun inkişafı ilə su resurslarına çıxış əhəmiyyətli dərəcədə genişlənir, lakin su çatışmazlığı problemi hələ də öz aktuallığını qoruyub saxlayır.
F.Şəfiyev, həmçinin hazırda beynəlxalq ictimaiyyətin bir sıra kəskin münaqişələrə - xüsusilə Rusiya-Ukrayna münaqişəsinə, eləcə də Yaxın Şərqdəki gərginliyə diqqət yetirdiyini vurğulayıb: "Ənənəvi fikir ayrılığı mövzuları - neft və energetika - yenidən ön plana çıxır. Lakin buna baxmayaraq, su resursları ilə bağlı problem son dərəcə ciddi olaraq qalır".
BMTM-in İdarə Heyətinin sədri xatırladıb ki, Azərbaycan artıq su təhlükəsizliyi məsələlərinə həsr olunmuş bir sıra tədbirlər keçirib: "Bu təşəbbüslər çərçivəsində biz ekspertlər və beynəlxalq iştirakçılarla müzakirələri davam etdirəcəyik".
Qeyd edək ki, "Dayanıqlı inkişaf üçün su" Onillik Fəaliyyətə (2018–2028) üzrə dair IV Yüksək Səviyyəli Beynəlxalq Konfrans 2026-cı il mayın 25-dən 28-dək Düşənbədə keçiriləcək.
Azərbaycan Tacikistanın su təşəbbüslərini dəstəkləyən ölkələr sırasına daxildir.
"Report" xəbər verir ki bunu Tacikistanın Bakıdakı səfiri İlhom Abdurahmon 25-28 may tarixlərində Düşənbədə keçiriləcək "Dayanıqlı inkişaf üçün su" Beynəlxalq Onillik Fəaliyyətə (2018–2028) dair 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransa hazırlığa həsr olunmuş brifinqdə bəyan edib.
Onun sözlərinə görə, Tacikistanın təşəbbüsü ilə elan edilmiş Beynəlxalq Onillik ölkənin qlobal su gündəliyinin irəli aparılması istiqamətində ardıcıl səylərinin davamıdır, bura Beynəlxalq Şirin Su İli (2003), "Həyat üçün su" Onillik Fəaliyyəti (2005–2015) və Beynəlxalq Su Əməkdaşlığı İli (2013) daxildir.
Səfir qeyd edib ki, Tacikistanın bütün su təşəbbüsləri konsensus əsasında qəbul edilir və su ehtiyatları sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə kömək edir.
O vurğulayıb ki, ötən dövr ərzində "Dayanıqlı inkişaf üçün su" Onillik Fəaliyyəti sudan səmərəli istifadə, ekosistemlərin qorunması və suya qənaət sahəsində əməkdaşlığa yeni təkan verib.
Diplomat 2023-cü ildə Nyu-Yorkda keçirilmiş BMT-nin Su Ehtiyatları üzrə Konfransını əsas nailiyyətlərdən biri adlandırıb. Bu konfransın nəticələrinə əsasən Su Ehtiyatları üzrə Fəaliyyət Gündəliyi formalaşdırılıb. Bu təşəbbüs çərçivəsində 840-dan çox könüllü öhdəlik qeydə alınıb.
Abdurahmon əlavə edib ki, Onilliyin məqsədlərinin həyata keçirilməsinin mühüm mexanizmi yüksək səviyyəli beynəlxalq konfransların müntəzəm keçirilməsini nəzərdə tutan Düşənbə su prosesidir.
Onun sözlərinə görə, 4-cü Düşənbə konfransı 2-4 dekabr 2026-cı il tarixlərində Əbu-Dabidə keçiriləcək BMT-nin Su Ehtiyatları üzrə Qlobal Konfransına hazırlığın əsas mərhələsi olacaq.
Tədbirdə 2500-dən çox nümayəndənin, o cümlədən onlarla ölkə, beynəlxalq təşkilat və maliyyə institutlarının təmsilçilərinin iştirakı gözlənilir.
Səfir vurğulayıb ki, əldə edilmiş irəliləyişə baxmayaraq, dünya ictimaiyyəti su qıtlığı, iqlim dəyişikliyi və su ehtiyatlarına düşən yükün artması kimi ciddi çağırışlarla üzləşməyə davam edir.
Bununla əlaqədar Düşənbədə keçiriləcək konfrans praktiki həllərin işlənib hazırlanması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və su sahəsində səylərin səfərbər edilməsi üçün mühüm platforma olacaq.
Tacikistan su ehtiyatlarının dayanıqlı idarə olunması sahəsində Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir.
"Report" xəbər verir ki, bunu Tacikistanın Bakıdakı səfiri İlhom Abdurahmon "Dayanıqlı inkişaf üçün su" Beynəlxalq Onillik Fəaliyyətə (2018–2028) dair IV Yüksək Səviyyəli Beynəlxalq Konfransa hazırlığa həsr olunmuş brifinqdə bildirib.
"Biz su ehtiyatlarının dayanıqlı idarə olunması sahəsində Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir və əminik ki, birgə səylərimiz ümumi məqsədlərə çatmağa kömək edəcək", - diplomat qeyd edib.
Səfir konfransda iştirak etmək üçün yüksək səviyyəli nümayəndə heyəti göndərməklə balı qərara görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Onun sözlərinə görə, tədbirdə Azərbaycanın dövlət qurumlarının, elmi dairələrinin, özəl sektorunun və vətəndaş cəmiyyətinin nümayəndələri fəal şəkildə iştirak edəcəklər.
Diplomat, həmçinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin rəisi Riad Axundzadənin iştirakını xüsusi qeyd edib və su sahəsində konstruktiv qarşılıqlı fəaliyyətə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Bundan əlavə, diplomat beynəlxalq təşkilatların və diplomatik missiyaların nümayəndələrini öz ölkələrinin və qurumlarının konfransda iştirakına kömək etməyə çağırıb.
Qeyd edək ki, "Dayanıqlı inkişaf üçün su" Onillik Fəaliyyətə (2018–2028) üzrə dair IV Yüksək Səviyyəli Beynəlxalq Konfrans 2026-cı il mayın 25-dən 28-dək Düşənbədə keçiriləcək.