Normal görünüm

Dünden önceki gün alınanlar Azerbaycanca Haberler

Azərbaycanın Tbilisidəki səfirliyində "Sənət Birləşdirir" sərgisinin iştirakçıları ilə görüş olub

Azərbaycanın Gürcüstandakı səfirliyində Tbilisidə keçirilən "Sənət Birləşdirir" adlı beynəlxalq sərgidə iştirak edən Azərbaycan Rəssamlar İttifaqının üzvləri ilə görüş təşkil edilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, görüşdə Azərbaycan rəssamlarının Tbilisidə keçirilən beynəlxalq sərgidə iştirakı, iki ölkə arasında mədəni əlaqələrin inkişafında incəsənətin rolu və gələcək yaradıcılıq əməkdaşlığı imkanları müzakirə olunub.

Qeyd edək ki, "Art Unites the World – Colors That Know No Boundaries" ("İncəsənət dünyanı birləşdirir – sərhəd tanımayan rənglər") adlı beynəlxalq sərgi avqustun 17-də Tbilisi Tarix Muzeyində açılmışdı.

Sərgidə Azərbaycan, Gürcüstan və İrandan olan 70-dən çox rəssamın əsərləri nümayiş etdirilib. Azərbaycan sərgidə 30 rəssamın əsərləri ilə təmsil olunub.

Vaşinqtonda beynəlxalq akademik əməkdaşlığa həsr olunan konfrans keçirilib

ABŞ-nin paytaxtında yerləşən dünyaca məşhur Corc Vaşinqton Universitetində (GW) "Bilikləri sərhədlərdən kənarda birləşdirmək: tədqiqat və beynəlxalq akademik əməkdaşlıq" mövzusunda konfrans keçirilib.

ABŞ-Azərbaycan Akademiklər Şəbəkəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və ABŞ arasında elmi, akademik və institusional əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə olunub.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkəyə səfəri çərçivəsində konfransda iştirak və çıxış edib. Sədr çıxışında bildirib ki: "Müasir dövrdə akademik dairələr ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində, bilik və təcrübə mübadiləsinin genişləndirilməsində, eləcə də dövlətlər və xalqlar haqqında obyektiv və etibarlı məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır". Corc Vaşinqton Universitetinin Azərbaycan universitetləri ilə əməkdaşlığını yüksək qiymətləndirən komitə sədri Azərbaycan diasporunun fəaliyyətində akademik əməkdaşlığın və elmi əlaqələrin xüsusi əhəmiyyət daşıdığını, bu cür tərəfdaşlıqların gələcəkdə birgə elmi layihələrin, davamlı akademik proqramların həyata keçirilməsi üçün mühüm zəmin yaratdığını bildirib, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, nəticəyönümlü diaspor siyasətinin müxtəlif aspektlərinə diqqət çəkib.

Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı üzrə Ali Məktəbinin qlobal təşəbbüslər üzrə dekan köməkçisi, professor Sevinc Məmmədova çıxışında ölkələrimiz arasındakı əlaqələrin akademik elmi dairələrdə müzakirəsini müsbət qiymətləndirib, konfransın təşkilinə göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.

Konfrans çərçivəsində akademik əməkdaşlığa həsr olunan panel müzakirəsi təşkil olunub. Müzakirədə ABŞ-nin müxtəlif universitetlərində akademik fəaliyyətlə məşğul olan azərbaycanlı və xarici alim və professorlar, tədqiqatçılar iştirak edib. Corc Vaşinqton Universitetinin Kommunikasiya direktoru Turan Vatersin moderatorluğu ilə keçirilən paneldə komitə sədri Fuad Muradov, GW Təhsil və İnsan İnkişafı Məzun Məktəbində Qlobal Təşəbbüslər üzrə dekan müavini Sevinc Məmmədova, GW Təhsil və İnsan İnkişafı Məzun Məktəbinin dekanı və Təhsil Tədqiqatları professoru Lionel Hovard, Corctaun və Amerikan universitetlərində İdman Menecmenti proqramlarının təsisçisi, SEME konfransının həmtəsisçisi və icraçı direktoru Matt Vinkler, Corc Meyson Universitetində Siyasi Elmlər üzrə doktorant-tədqiqatçı, Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzinin baş redaktoru Əli Məmmədov, GW Mühəndislik və Tətbiqi Elmlər Məktəbində Elektrik Mühəndisliyi professoru və magistratura üzrə departament sədrinin müavini Can Korman çıxış ediblər. Çıxışlarda Azərbaycanla ABŞ arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsi, universitetlər arasında uzunmüddətli tərəfdaşlığın qurulması, birgə akademik tədqiqat proqramlarının inkişaf etdirilməsi, insan kapitalına investisiya qoyulması, bilik və təcrübə mübadiləsi məsələlərinə toxunulub, uzunmüddətli institusional tərəfdaşlıqların qurulması yolları nəzərdən keçirilib.

Müzakirələr zamanı ABŞ-dəki Azərbaycan icmasının akademik diplomatiyanın inkişafındakı rolu, soydaşlarımızın bilik, təcrübə və peşəkar əlaqələrinin Azərbaycan-ABŞ elmi əməkdaşlığının inkişafına verə biləcəyi töhfə barədə də fikir mübadiləsi aparılıb.

Panel müzakirəsi sual-cavab sessiyası ilə yekunlaşıb.

Qeyd edək ki, konfransda ABŞ-nin müxtəlif ştatlarında yaşayan azərbaycanlı alimlər iştirak edib. Tədbir Azərbaycan və ABŞ arasında akademik və elmi əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi, universitetlərarası əlaqələrin möhkəmləndirilməsi və beynəlxalq akademik şəbəkələrin genişləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib.

Fuad Muradov: Xaricdə yaşayan gənclərimiz qərəzli kampaniyalara əsaslandırılmış cavab verməyi bacarmalıdırlar

Xaricdə yaşayan gənclərimiz qərəzli kampaniyalara əsaslandırılmış cavab verməyi bacarmalıdırlar və gələcəkdə diaspor hərəkatının fəal üzvlərinə çevrilməlidirlər.

"Report"un Zəngilana ezam olunan müxbiri xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu yay düşərgəsində 64 ölkədən 120-dən çox gənc iştirak edir: "Bu il düşərgəyə təxminən 700-ə yaxın müraciət daxil olub. Məqsədimiz ondan ibarətdir ki, gənclərimiz bir həftə ərzində Azərbaycanda gedən proseslərlə yaxından tanış olsunlar. Hesab edirik ki, onlar Azərbaycan reallıqlarını bilməli, ölkəmizə qarşı aparılan qərəzli kampaniyalara əsaslandırılmış cavab verməyi bacarmalıdırlar.

Bunun üçün onların bilik və bacarıqlara sahib olması vacibdir ki, yaşadıqları ölkələrdə, müxtəlif beynəlxalq platformalarda və öz icmalarında çıxış edərək Azərbaycanın maraqlarını layiqincə təmsil edə və ölkəmizi tanıda bilsinlər. İnanıram ki, bu düşərgənin gələcəkdə ən böyük əhəmiyyəti ondan ibarət olacaq ki, burada iştirak edən gənclər Azərbaycan dövlətinin maraqlarının müdafiəsində və müxtəlif layihələrinin həyata keçirilməsində fəal rol oynayacaqlar".

Elvin Aslanov: Xaricdə yaşayarkən Azərbaycanı müdafiə etmək heç də asan deyil

Xaricdə yaşayarkən Azərbaycanı müdafiə etmək, ikili standartlara və dezinformasiyaya qarşı informasiya mübarizəsi aparmaq heç də asan deyil.

"Report"un Zəngilana ezam olunan müxbiri xəbər verir ki, bunu Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov Gənclərin VII Yay Düşərgəsinin açılış mərasimində deyib.

O bildirib ki, Azərbaycanın həqiqətlərini dünya ictimaiyyətinə düzgün və obyektiv şəkildə çatdırmaq məhz gənclərin üzərinizə düşən mühüm missiyadır:

"Bu düşərgə təkcə ünsiyyət məkanı deyil. Biz istəyirik ki, burada formalaşan dostluq və əməkdaşlıq şəbəkələri gələcəkdə də yaşadığınız ölkələrdə birgə layihələrin təşəbbüskarı olsun, davamlı əlaqələr platformasına çevrilsin. İnanıram ki, Zəngilanda və Laçında keçirəcəyiniz bu düşərgə günləri yaddaşınızda silinməz iz qoyacaq".

Komitə sədri xaricdə yaşayan azərbaycanlı gənclərə çağırış edib

Təəssüf ki, xaricdə az sayda da olsa, Azərbaycanın uğurlarına sevinməyən insanlar var.

"Report"un Zəngilana ezam olunan müxbiri xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gənclərin VII Yay Düşərgəsinin açılış mərasimində deyib.

O bildirib ki, bunun müxtəlif səbəbləri ola bilər və həmin səbəblərin araşdırılması bəlkə də ən vacib məsələ deyil: "Əsas məsələ odur ki, Azərbaycana qarşı mənfi mövqe nümayiş etdirən bəzi şəxslər özlərini azərbaycanlı kimi təqdim edirlər. Açığı, düşünürəm ki, Azərbaycan daha nə etməlidir ki, ölkəmizi istəməyən həmin insanlar fikirlərini dəyişsinlər? Əlbəttə, söhbət çox kiçik bir qrupdan gedir. Biz istəyirik ki, siz belə insanları tanıyasınız, onların irəli sürdüyü iddiaları biləsiniz və onlara arqumentlərlə cavab verə biləsiniz.

Bu gün burada Milli Məclisin nümayəndələri, Prezidentin xüsusi nümayəndələri, təhsil sahəsinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak edirlər. Biz hamımız dialoqa açığıq. Həm müzakirəyə, həm də əsaslandırılmış tənqidə açığıq. Çünki möhtərəm Prezidentin bizə əsas tapşırıqlarından biri odur ki, harada nöqsan varsa, onu aradan qaldıraq. Amma qara-piar aparmaq, həqiqətləri təhrif etmək, doğru olanı yanlış kimi təqdim etmək və bunun əsasında Azərbaycana qarşı kampaniya qurmaqla razılaşmaq mümkün deyil. Buna biz imkan verə bilmərik. Siz də buna imkan verməməlisiniz".

Düşərgə iştirakçısı: Üç il əvvəl Qarabağda çoxlu dağıdılmış yerlər var idi, amma indi abadlaşıb

Üç il əvvəl Qarabağda çoxlu dağıdılmış yerlər var idi, amma indi abadlaşıb.

Bunu "Report"a açıqlamasında Gənclərinin VII Yay Düşərgəsinin iştirakçısı Yusif Nəcəfli deyib.

O bildirib ki, 6 yaşında valideynləri ilə birgə Kanadaya köçüb: "Hazırda orda yaşayır və təhsil alıram. Çox adam məni kanadlı bilsə də, 100% azərbaycanlıyam. Üç il öncə Qarabağa səfərimlə indiki arasında çox fərq var. Yadımdadır ki, o vaxtlar çoxlu dağıdılmış yerlər var idi, amma indi vəziyyət dəyişib, abadlaşıb".

İştirakçı vurğulayıb ki, düşərgədən gözləntisi Azərbaycan haqqında daha çox məlumat əldə etmək və Azərbaycan dilini daha yaxşı öyrənməkdir: "Həmçinin azərbaycanlı dostlar qazanmaq, ölkənin mədəniyyətini və tarixini daha yaxından tanımaq istəyirəm".

Svonsi Universitetinin tələbəsi: Qarabağ kimi gözəl bir yerə çox az rast gəlmişəm

Dünyanın müxtəlif ölkələrində olmuşam, amma Qarabağ kimi gözəl bir yerə çox az rast gəlmişəm.

Bunu "Report"a açıqlamasında Gənclərinin VII Yay Düşərgəsinin iştirakçısı Əli Manafov deyib.

O bildirib ki, hazırda Böyük Britaniyada fəaliyyət göstərən Svonsi Universitetində (Swansea University) təhsil alır:

"İngiltərədə tələbə kimi tək yaşayıram. Qarabağa ilk dəfə gəlirəm. Qarabağa səfər etmək mənim üçün tamam başqa hisslər yaşatdı. Buranı görmək məni çox sevindirdi. Qarabağ həqiqətən çox gözəl yerdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bu gün bu torpaqlarda rahat gəzə biliriksə, bunu onların sayəsindədir. Onlara hər zaman minnətdar olmalıyıq. Dünyanın müxtəlif ölkələrində olmuşam, amma səmimi deyə bilərəm ki, Qarabağ kimi gözəl bir yerə çox az rast gəlmişəm".

Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimi keçirilir

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimi keçirilir.

"Report"un Zəngilana ezam olunan müxbiri xəbər verir ki, düşərgə avqustun 2-dən 8-dək "Dirçələn Şəhərlər" şüarı ilə Şərqi Zəngəzurda keçiriləcək.

Düşərgədə dünyanın 64 ölkəsindən 120-dən çox gənc iştirak edəcək. Düşərgənin proqramına Şərqi Zəngəzurun, həmçinin Qarabağın tarixi və mədəni abidələri ilə tanışlıq, şəhid ailələrinin üzvləri, qəhrəman qazilərimiz, rəsmi şəxslər və müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər daxildir.

Gənclər panel və seminarlarda iştirak edəcək, işğaldan azad olunan rayonlara səfər edəcək, həmçinin dil dərslərinə, intellektual oyunlara və müxtəlif təlimlərə qatılacaqlar.

Qeyd edək ki, indiyədək Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndidə keçirilən Diaspor Gənclərinin Yay Düşərgələrində dünyanın 84 ölkəsindən 700-dən çox gənc iştirak edib.

Elçin Bayramov: Moldovadakı Azərbaycan icması fəal inteqrasiya olunmuş etnik qruplardan biridir - MÜSAHİBƏ

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov "Report"un Şərqi Avropa bürosuna müsahibəsində diaspor fəaliyyəti, azərbaycanlıların bu ölkənin siyasi, iqtisadi, mədəni həyatında fəallığından, gələcək məqsədlərdən danışıb:

- Moldovadakı azərbaycanlılar yerli cəmiyyətə, siyasi mühitə və yerli idarəetməyə necə inteqrasiya olunurlar?

- Moldovadakı Azərbaycan icması ölkədə ən fəal şəkildə inteqrasiya olunmuş etnik qruplardan biridir. Biz öz mədəniyyətini və kimliyini diqqətlə qoruyan çoxmillətli Moldova cəmiyyətinin bir hissəsiyik.

Moldovada çoxsaylı mədəni, təhsil və elmi tədbirlər keçirən millətlərarası strukturların bir hissəsiyik. Bu işin bir hissəsi olaraq, tarixi vətənimizi yüksək səviyyədə təmsil edir, Moldova cəmiyyətini Azərbaycan mədəniyyəti, tarixi və adət-ənənələri ilə tanış edirik.

Diasporumuzda müxtəlif peşə sahibləri var: müəllimlər, həkimlər, hüquqşünaslar və Daxili İşlər Nazirliyinin əməkdaşları. Bu, Moldovadakı azərbaycanlıların bütün səviyyələrdə sosial və peşəkar həyata tam şəkildə inteqrasiya olunduqlarını göstərir.

Xüsusilə siyasi sahədə icma nümayəndəmizin olması ilə fəxr edirik: seçkilərdən sonra həmvətənlərimizdən biri Orhei şəhərinin meri oldu. Bu, Moldovadakı azərbaycanlıların yerli əhalinin etimadını qazandıqlarını və digər etnik namizədlərlə birlikdə yerli seçkilərdə uğurla iştirak edə biləcəklərini sübut edir.

Həmçinin Kişineu Şəhər meriyası ilə sıx əməkdaşlığımızı - paytaxtda birgə yaşıllaşdırma təşəbbüslərini, eləcə də xalqlarımız arasında dostluq və xatirə rəmzlərinə çevrilmiş Xarı Bülbül xiyabanı və Şuşa xiyabanının yaradılmasını vurğulamaq istərdim. Biz həmçinin yerli hakimiyyət orqanları, nazirliklər və səfirliklərlə sıx işgüzar əlaqələr saxlayırıq - onların nümayəndələri dəfələrlə icmamız tərəfindən təşkil edilən tədbirlərdə iştirak ediblər.

- Moldova Rumıniya vasitəsilə Avropaya inteqrasiyaya üstünlük verib. Bu ölkədən olan azərbaycanlıların Rumıniyadakı təşkilatının vəziyyəti necədir?

- Biz Moldovanın Avropadakı inkişafını yaxından izləyirik və buna Azərbaycan diasporu üçün yeni imkanlar açan təbii bir proses kimi baxırıq.

Hazırda işimiz əsasən icmanın ölkə daxilindəki mövqeyini gücləndirməyə və Moldova ilə Azərbaycan arasında mədəni, iqtisadi və humanitar sahələrdə ikitərəfli əlaqələrin inkişafına yönəlib. Eyni zamanda, başa düşürük ki, Moldovanın Rumıniya və Avropa İttifaqı ilə daha sıx inteqrasiyası nəticədə qarşılıqlı əlaqə üçün yeni kanallar yaradacaq - o cümlədən Rumıniyanın özündə, eləcə də digər Aİ ölkələrində Azərbaycan icmaları və strukturları ilə.

Biz İsveçrədə və digər ölkələrdə Azərbaycan mərkəzləri və təşkilatları ilə mövcud qarşılıqlı əlaqələrimizə bənzər şəkildə Rumıniya və digər Avropa ölkələrindəki Azərbaycan diasporu ilə əməkdaşlığı inkişaf etdirməyə açığıq. Məqsədimiz harada yaşamalarından asılı olmayaraq, azərbaycanlıların bir-birlərinə dəstək və bağlılıq hiss etmələri və Moldovanın Avropaya inteqrasiyasını bir çətinlik kimi deyil, əlaqələri genişləndirmək üçün əlavə bir fürsət kimi qəbul etməyimizdir.

- Moldovadakı azərbaycanlıların gələcək hədəfləri nələrdir?

- Burada bir neçə əsas sahə müəyyən edilə bilər.

Birincisi, icmanın vətəndaş və siyasi fəallığını daha da gücləndirmək. İkincisi, mədəni irsin qorunması və gənc nəslə ötürülməsi. Üçüncüsü, incəsənət, musiqi və təhsil sahələrində birgə layihələr vasitəsilə Moldova cəmiyyəti ilə mədəniyyətlərarası dialoqun dərinləşdirilməsi, müxtəlifliyin ölkəni bölməkdənsə, zənginləşdirdiyini nümayiş etdirməkdir. Və nəhayət, diasporun ənənəvi olaraq iki xalq arasında körpü rolunu oynadığı Azərbaycan və Moldova arasında ikitərəfli - iqtisadi, diplomatik və humanitarın münasibətlərin möhkəmləndirilməsidir.

Əsas məqsədimiz Moldovadakı Azərbaycan icmasının uğurlu, ahəngdar inteqrasiya nümunəsi olaraq qalmasıdır.

❌